“Türkiyədə meşə yanğınlarının başladığı ilk günlərdən Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə dövlət başçısı ilə danışaraq, dəstək nümayiş etdirdi. Prezident Azərbaycan xalqının Türkiyənin yanında olduğunu bildirdi. Prezidentin göstərişi ilə yanğınların söndürülməsi və lokallaşdırılması məqsədilə qısa müddətdə Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin 500 nəfərlik heyəti və müxtəlif texnikası göndərildi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov deyib.
O, Azərbaycanın Türkiyədəki yanğınlarda göstərdiyi dəstəyin Türkiyənin ağır günləri geridə qoymasında əhəmiyyətli rol oynadığını vurğulayıb:
“Yanğının növbəti günlərində də prezidentin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 200 nəfərlik heyəti də Türkiyəyə göndərilir. Son günlərdə qardaş ölkənin 47 əyalətində 209 meşə yanğınının nəzarətə alınmasında fədakar yanğınsöndürənlərimizin də payı oldu. Azərbaycanın bu çətin günlərdə Türkiyənin yanında olması xalqımızın ümummilli liderin “Bir millət, iki dövlət” fəlsəfəsinin növbəti təsdiqi oldu. 44 günlük Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə tərəfindən Azərbaycanın haqq işinə göstərilən siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırmışdı. Bu dəstək xalqımızın yaddaşından heç zaman silinməyəcək. Mustafa Kamal Atatürkün ortaya qoyduğu həqiqət – “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” - əsrlər boyu yaşayacaq. Azərbaycan və Türkiyə tarixlərinin ən keşməkeşli dövrlərində bir-birlərinə dəstək olublar və bu birlik bütün dünyaya nümayiş etdirilib. Bu birliyin əsasını ortaq köklərimiz – dilimiz, dinimiz, adət-ənənələrimiz, iki dövlət başçısının dostluq və qardaşlıq münasibətləri təşkil edir”.
Aygül Qarayeva Demokrat.az


