Gündəm

Politoloq: "Fransa müharibə vaxtı və ondan sonra da birtərəfli şəkildə ermənipərəst mövqe sərgiləyir"

Politoloq: Fransa müharibə vaxtı və ondan sonra da birtərəfli şəkildə ermənipərəst mövqe sərgiləyir

“Azərbaycan dövləti post müharibə reallığına uyğun olaraq bir tərəfdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bərpa-quruculuq işlərini sürətlə reallaşdırır. Digər tərəfdən də mövcud reallığa adekvat olaraq ölkə başçımızın verdiyi mesajlar həm Azərbaycan cəmiyyətinə tarixdən dərs götürərək gələcəyə fokuslanmağa, həm Ermənistanda daxili ziddiyyətləri və regiondakı mövcud situasiyanı körükləyən himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Fransa prezidentinin İrəvan, Bakı və Tiflisə səfərini şərh edən politoloq, bu dövlətin regionla bağlı ümidlərinin puç olduğunu bildirib:

“Bu məqamda, yəni oturmayan daşların da yerbəyer olunmağa çalışıldığı bir vaxtda Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri nəzərdə tutulur. Sonradan isə onun Bakı və Tiflisə də səfər edəcəyi açıqlandı. Cənab Prezident İlham Əliyevin hələ müharibənin qızğın çağında bildirdiyi kimi “o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz”. Əlbəttə ki, Makronun səfəri ola bilər, amma baxır o niyə, nə üçün və hansı məqsədlərlə gəlir. Bəlli faktdır ki, Fransa müharibə vaxtı və ondan sonra da hüququ, ədaləti, tarixi reallığı, humanizm prinsiplərini açıq və kobud şəkildə əzərək, Minsk Qrupu çərçivəsindəki mandatına da tamamilə zidd olaraq birtərəfli şəkildə ermənipərəst mövqe sərgiləyir.

Fransa ədalətli mövqe sərgiləyəcəksə ki, buna heç inamım yoxdur, düzü, o zaman bölgədə nifaq toxumları səpməkdənsə iki dövlət arasında həllini gözləyən məsələlərin sürətləndirilməsinə çalışsın. Çalışsın ki, delimitasiya və demarkasiya məsələləri həllini tapsın, müharibə riski tamamilə yox olsun, bölgəyə sülh gəlsin. Amma onun axtardığı nüanslardan artıq nə münaqişə var, nə də status. "Dağlıq Qarabağ" adlı ərazi vahidi də yoxdur. Bir sözlə, axtardıqlarının buralarda izi-tozu da yoxdur, müsyo Makron. İndi Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası mövcuddur”.

Politoloq vurğulayıb ki, Fransa prezidenti səfər çərçivəsində əvvəlki nmövqeyini sərgiləməyə davam etsə, ölkəsində və regiondakı ağır vəziyyətini bir az da zədələyəcək:

“Avropa İttifaqı Şurasının prezidenti kimi böyük Avropa ailəsi adından çıxış edən Şarl Mişel də "status" və "Dağlıq Qarabağ" sözlərini işlətmədi. Yox, əgər Makron Paşinyan kimi populist vədlər verəcəksə, yenə eyni avazı oxuyacaqsa, birtərəfli mövqeyində heç bir dəyişiklik olmayacaqsa, bu səfəri reallaşdırmaqla erməni diasporunun dəstəyini qazanmağa çalışırsa o zaman onun səfəri hətta ən yaxşı halda sadəcə vaxt itkisidir. Ondansa getsin konyuktur maraqlara xidmət edib, islamofob siyasətinin nəticəsi olaraq son regional seçkilərdə itirilmiş nüfuzunu bərpa etməyə çalışsın, “Ədalət yoxdur!” şüarları ilə küçələrə tökülən nümayişçilərin problemləri ilə maraqlansın. Maraqlansın ki, bəlkə ədalət tərəzisinin balansını tənzimləmək vərdişinə öz ölkəsindən başlamaqla yiyələnsin”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az