İqtisadiyyat

Şərqi Zəngəzurda iqtisadi inkişaf üçün böyük potensial var — VİDEO

Şərqi Zəngəzurda iqtisadi inkişaf üçün böyük potensial var — VİDEO

Şərqi zəngəzur iqtisadi rayonunda kənd təsərrüfatı, dağ-mədən sənayesi və turizmin inkişafı üçün böyük resurs var. Iqtisadçılar bildirirlər ki, oradakı topraqların əkinə tam cəlb edilməsi ilə taxıl idxalını sıfıra endirmək olar. Avtomobil və dəmir yolları ilə yanaşı, orada 2 hava limanı da tikiləcək ki, bunun sayəsində də şərqi Zəngəzur nəqliyyat qovşağına çevriləcək. Bu da sözügedən iqtisadi rayonda istehsal edilən məhsulların ən qısa marşrutlarla xarici bazarlara çıxarılmasında önəmli rol oynayacaq. Şərqi Zəngəzurun iqtisadi potensialı ilə bağlı daha ətraflı əməkdaşımız İbrahim Kamiloğlunun oradan hazırladığı reportajda.

Şərqi Zəngəzur iqtisadi rayonu ölkənin ərzaq təhlükəsizliyinin təminatında önəmli rol oynayacaq…

Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı fərmana əsasən, ölkədə 14 iqtisadi rayon təsnifləşdirilib. Yeni təsnifləşdirilənlərdən biri də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanın daxil olduğu Şərqi Zəngəzur iqtisadi rayonudur. Şərqi Zəngəzur həm aqrar sahə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur.

Bu iqtisadi rayonun ərazisində yüksək məhsuldarlığa malik tünd şabalıdı, eləcə də qəhvəyi dağ-meşə torpaqları üstünlük təşkil edir. Ərazinin kənd təsərrüfatı, əkinçilik və heyvandarlıq üzrə xüsusi çəkisi var.

Bu iqtisadi rayonun ərazisindən Araz, Oxçuçay, Bərgüşad, Həkəri, Xaçınçay və digər bir neçə çay axır. Şərqi Zəngəzurda müxtəlif göllər və çoxlu bulaqlar da var ki, suvarmada geniş istifadə edilə bilər. Şərqi Zəngəzurda üzümçülük və baramaçılıq üçün də münbit şərait var.

Rayonun ərazisi mineral sular, sement istehsalı üçün qiymətli xammal, mərmər və başqa tikinti materialları, eləcə də filiz ehtiyatları ilə zəngindir. Şərqi Zəngəzurda dağ-mədən sənayesi və turizmin inkişafı üçün də böyük resurslar var. Sözügedən iqtiasadi rayonda dağlıq və meşəlik ərazilər də üstünlük təşkil edir.

Zəngəzur dəhlizini Şərqi Zəngəzur iqtisadi rayonunun davamı da adlandırmaq olar. Bu dəhliz isə sözügedən iqtisadi rayonda istehsal edilən məhsulların ən qısa marşrutlarla xarici bazarlara çıxarılmasında müstəsna əhəmiyyətə malikdir.

Avtomobil və dəmir yolları ilə yanaşı, 2 hava limanının tikintisi də Şərqi Zəngəzuru bir növ nəqliyyat qovşağına çevirəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, ərazilər minalardan təmizləndikdən və yenidənqurma işləri aparıldıqdan sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan bölgələrin zəngin aqrar potensialı ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Zonanın turizm potensialı da ölkə turizminin inkişafını daha da sürətləndirəcək.

D
demokrat.az