Gündəm

Politoloq: "Avropa İttifaqı daha çox Azərbaycanla münasibətlərinə diqqət yetirməlidir"

Politoloq: Avropa İttifaqı daha çox Azərbaycanla münasibətlərinə diqqət yetirməlidir

“Azərbaycanla Ermənistan arasında bəzi humanitar məsələlərdə vasitəçiliyə ehtiyac duyula bilər, lakin digər heç bir məsələdə Azərbaycanın vasitəçiyə ehtiyacı yoxdur. Avropa İttifaqı daha çox Azərbaycanla münasibətlərinə diqqət yetirməlidir. Azərbaycan Avropa İttifaqı üçün regionda bir nömrəli tərəfdaşdır. Azərbaycan tərəfindən irimiqyaslı iqtisadi layihələr həyata keçirilir. Qarabağın dirçəldilməsində Avropanın müxtəlif ölkələrinin, həmçinin ittifaqın böyük rolu ola bilər. Biz də Avropa ilə bu cür münasibətlərin qurulmasına açığıq”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə görüşü barədə danışarkən deyib.

O, Ermənistanın gündəmi dəyişmək cəhdlərinin bir daha göründüyünü bildirib:

“Görüşdə regionla bağlı iki proses daha çox nəzərə çarpdı. Birincisi Azərbaycan-Avropa münasibətləri, ikinci isə Qarabağla bağlı məsələlər və Avropa rəsmilərinin münasibətləri. İkinci məsələyə toxunanda görərik ki, Avropa Ermənistanın səyi ilə münaqişə dövründə aktual olan gündəm yenidən regiona gətirilir. Vasitəçilik, onun prinsipləri, təəssüflər olsun ki, statusla bağlı məsələləri yenidən aktuallaşdırmaq cəhdləri var. Ermənistanın iddiası budur ki, müharibədən sonra regionda vasitəçilik, Azərbaycana təzyiqlərin olması lazımdır. Təəssüf ki, Avropada müəyyən dairələr bu çağırışlara uyur, bunula bağlı reaksiyalar göstərirlər. Bu, yolverilməzdir, çünki reallıq tam fərqlidir”.

Politoloq bildirir ki, Azərbaycanın vasitəçiliyə ehtiyacı yoxdur və Prezident bir daha bunu açıq şəkildə bildirib:

“Yeri gəlmişkən, qeyd edilməlidir ki, Ermənistan hələ də Azərbaycanın bəzi hissələrindən çıxmayıb, Qazaxın və Naxçıvanın kəndləri hələ də onların nəzarəti altındadır. Həmçinin son günlər ermənilər sərhəddə, Azərbaycan mövqelərini atəşə tuturlar. Bunlar hamısı bölgə ilə bağlı narahatedici məqamlardır.Avropa İttifaqı bununla bağlı obyektiv yanaşma ortaya qoymalıdır. Azərbaycanın əsas məqsədi budur ki, regionda daimi sülhün bərqərar olun, təhlükəsizliyin tam təmin olunsun və üçtərəfli bəyannamədə nəzərdə tutulan şərtlər yerinə yetirilsin. Prezidentin görüşündə də bu məsələyə xüsusi toxunuldu. Avropa İttifaqı region üçün müsbət səylər göstərmək niyyətindədirsə, onda üçtərəfli bəyanatın şərtlərini nəzərə almalıdır”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az