"Azərbaycanın dünyanın ikinci ən böyük və nüfuzlu beynəlxalq təşkilatına daha bir il müddətinə sədr seçilməsi dövlətin beynəlxalq nüfuzundan irəli gəlir. Bu, Azərbaycan prezidentinin dünya dövlətləri və təşkilatları arasında qazandığı hörmət və şəxsi nüfuzunun nəticəsidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi-siyasi ekspert Elçin Axundzadə deyib.
O, Azərbaycanın daha bir il Qoşulmama Hərəkatına sədrlik etməsinin dövlət başçısının düzgün beynəlxalq siyasətinin nəticəsi olduğunu vurğulayıb:
"Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbulu müzakirə olunurdu, lakin həmin vaxt Qoşulmama Hərəkatının üzvləri qəti səyi nəticəsində həmin sənədə veto qoyuldu. Ölkə prezidentinin beynəlxalq müstəvidə söz sahibi olmasından irəli gəlir. Azərbaycana olan hörmətin təsdiqi idi. Azərbaycanın xarici siyasəti çox düşünülmüş istiqamətdə yürüdülür. Hədəflər bəllidir. Azərbaycan artıq regionda söz sahibinə, iqtisadi və siyasi gücə çevrilib. Bunu artıq hər kəs qəbul edir”.
Ekspertin fikrincə, Azərbaycanın daha bir il beynəlxalq təşkilata sədrlik etməsi ciddi hadisədir:
“Zəfərdən sonra bəzi dövlətlər bu qələbəni həzm edə bilmirlər. İstisna deyil ki, həmin dövlətlər yenidən Azərbaycana qarşı hansısa qərəzli sənədin və ya bəyanatın qəbulu üçün çalışmasınlar. Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycana yaxınlığı, reallığı qəbul etmələri bu baxımdan olduqca əhəmiyyətlidir. Azərbaycanın daha bir il müddətinə təşkilata sədrlik etməsi isə beynəlxalq güclərin Azərbaycan həqiqətlərini qəbul etməsinə böyük təsir göstərəcək.
Diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri zamanı üç həmsədr ölkənin bu səfərdən imtina etməsi həm də siqnal olmalıdır. ATƏT-in Minsk qrupunun bu fəaliyyəti ilə bağlı Qoşulmama Hərəkatının üzvlərinin də lazımi səviyyədə məlumatlandırılması lazımdır. Prezident çıxışında Şərqi Zəngəzurla bağlı mesaj verdi. Prezidentin dediklərini Qoşulmama Hərəkatının üzv dövlətlərinə çatdırmaq lazımdır. Bu torpaqlar bizimdir. Azərbaycanın daha bir il müddətinə təşkilata sədrlik etməsi ciddi hadisədir və həmçinin fürsətdir. Bütün xalq prezidentin ətrafında toplanmalı və ona dəstək verməlidir”.
Aygül Qarayeva Demokrat.az


