“Ümumilli lider Heydər Əliyev 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi mənasında, ədalətin zəfər çalmasına nail oldu”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, Heydər Əliyev 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın dinamik inkişafına start verildi: “Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verildi. Bakı məişət kondisionerləri, Salyan plastmas Emalı, Sumqayıtda Kompressor zavodları, Bakıda tikiş, ayaqqabı hissələri fabrikləri, şampan şərabı zavodu, Gəncədə ət kombinatı, qənnadı fabriki, əlvan metallar emalı zavodu, Lənkəranda konserv zavodu, çay fabriki, Naxçıvanda şüşə qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda yunun ilkin emalı fabriki və s. böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikildi. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərdə kənd təsərrüfatı məhsuldarlığı 2,6 dəfə artdı. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” deyən möhtərəm Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə təhsil, səhiyyə, mədəniyyət, incəsənət və milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində də ciddi və əhəmiyyətli addımlar atıldı. Xüsusilə, 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şəraitin yaradılması təkcə elmi deyil, həm də böyük siyasi əhəmiyyəti olan hadisə idi. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97,6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacı təmin edilir, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyildir ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını təmsil olunduqları ölkələrdə şərəflə qoruyurlar”.
Elman Nəsirov həmçinin Ulu öndər Heydər Əliyevin 1990-ci illərdə Azərbaycanı xilas etməsi ilə bağlı da fikirlərini bölüşüb.
Deputat qeyd edib ki, ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin əsasını qoyub: “Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində, bu dövrdə erməni millətçilərinin ölkəmizə qarşı ərazi iddiaları ürəklərində qaldı və niyyətlərinin reallaşmasına imkan verilmədi. Daha sonra dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynovun komandir olduğu hərbi hissənin özbaşınalıqları etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174, 1993-cü ildə isə 1080 faiz idi. Qeyd etdiyim kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başladı. Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi”.
Parlament üzvü əlavə edib ki, Prezident İlham Əliyevin seçdiyi şərəfli yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb: “Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olub. Bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır. Həmin siyasətin sayəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib”.
Demokrat.az


