Xırdalan şəhərindəki Heydər Əliyev Parkında yeni qurulan idman meydançasının açılışı olub.
Demokrat.az xəbər verir ki, idman meydançasında yaradılan şəraitlə yerində tanış olmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gəlib. Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov görülən işlər barəsində ətraflı məlumat verərək bildirib ki, ərazidə əvvəllər açıq havada idmanla məşğul olmaq üçün qurğular olmayıb. Sakinlərin etdiyi müraciətlərdən sonra Heydər Əliyev parkındakı açıq sahədə idman meydançasının qurulması qərara alınıb. Sözügedən sahə idman meydançası üçün nəzərdə tutulan xüsusi döşəmələrlə döşənib. Əraziyə bir-birindən fərqli 12 idman qurğusu quraşdırılıb. Bu qurğularda təkcə yeniyetmələr və gənclər deyil, eyni zamanda, yaşlı insanlar da idman edə biləcəklər. Bundan başqa, meydançanın kənarlarına oturacaqlar bərkidilib.
İ.Gülməmmədova idman meydançasında şəhər sakinləri ilə görüşüb, onların istək və arzuları ilə maraqlanıb. Eyni zamanda, Ukraynanın Koblevo şəhərində keçirilən Universal döyüş üzrə Dünya Kubokunun mükafatçısı, 11 yaşlı Səma Abbasova ilə görüşən icra hakimi idmançını əldə etdiyi naliyyətə görə təbrik edib, bundan sonrakı yarışlarında uğurlar arzulayıb.
Demokrat.az


