"Azərbaycan Respublikasının prezidenti Silahlı Qüvvələr Günü ilə əlaqədar Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə keçirdiyi görüşdə bir sıra olduqca vacib məsələlərə toxundu. Prezident xüsusilə ordu quruculuğu ilə bağlı məsələlərə toxunaraq, bu istiqamətdəki işlərin prioritet olduğunu, son 18 il ərzində xüsusi əhəmiyyət verildiyini bildirdi".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məcəlləsin deputatı Elman Nəsirov ordu quruculuğunun inkişafı ilə bağlı danışarkən deyib.
O, bu istiqamətdəki işlərin uğurlu davamının gələcəyini bildirib:
"Bu müddətdə ordu ən müasir silahlarla təchiz olundu, müdafiə sənayesi kompleksi formalaşdı. Hərbi təyinatlı məhsulların istehsalı həyata keçirildi. Görülən işlərlə Azərbaycan Ordusunun döyüş ruhu ən yüksək səviyyəyə qaldırıldı. Hərbi qulluqçuların mənzil-məişət şəraiti yaxşılaşdırıldı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıldı. Kompleks görülən bu işlər nəticəsində müasir Azərbaycan Ordusu formalaşdı və bu ordu tarixi qələbəyə imza atdı, ərazi bütövlüyümüz bərpa edildi. Bu cür addımlar bundan sonra da davam etdiriləcək".
Deputat Ermənistanın əməkdaşlığın qurulması istiqamətində ciddi işlər görməsinin bu dövlət üçün əhəmiyyətli olduğunu vurğulayıb:
"Azərbaycanın müharibədən sonrakı dövrlə bağlı konkret hədəfləri var. Ermənistanla qonşuyuq, qonşuluq münasibətlərinin yaradılması, bu ölkəylə kommunikasiya xətlərinin açılması əsas hədəflərin sırasındadır. Biz Ermənistanın da bu istiqamətdə konkret addımlar atmasını gözləyirik. Bu istiqamətdə müsbət işlər görülsə, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa da hazırdır, amma hələ ki, Ermənistandan bu istiqamətdə müsbət impulslar gəlmir. Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı və bu dövlətin bu gün yaşadığı faciələrin arxasında məhz bu işğalçılıq siyasəti dayanır. Ermənistan bu cür yanaşmanı davam etdirsə, növbəti 30 ilini də itirmiş olacaq. Azərbaycan Ermənistana əməkdaşlıq təklif edir, altıtərəfli əməkdaşlıq platformasında Ermənistanı da görür, bu istiqamətdə təklifini irəli sürüb. Artıq hər şey Ermənistanın atacağı addımlardan asılıdır. Azərbaycanın təklif etdiyi əməkdaşlıq Ermənistan üçün daha vacibdir. Onlar bizim sülh və əməkdaşlığın yaranmasına istiqamətlənmiş təkliflərimizi düzgün qiymətləndirməsə, baş verə biləcək bütün hadisələrə görə məsuliyyəti Ermənistan daşıyacaq. Təxribatçı addımlar atsa, diversiya hərəkətlərinə yol versə, Ermənistan yenidən böyük güclə qarşı-qarşıya qalacaq. Prezident çıxışında açıq-aydın bildirdi ki, Ermənistan "Dəmir yumruğ"u unutmamalıdır. Bu mesajlar Ermənistan rəhbərliyini ciddi şəkildə düşündürməlidir. Ermənistan düşünməlidir ki, onlar üçün əməkdaşlıqdan başqa alternativ yoxdur. Alternativ axtarırlarsa, sadəcə qarşıdurmanı, növbəti müharibəni görə bilərlər. Növbəti belə müharibə isə Ermənistanın sonunun başlanğıcı olacaq".
Aygül Qarayeva Demokrat.az


