"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin keçirilməsi barədə elan verib. Müsabiqənin məqsədi peşəkarlığının və məsuliyyətinin artmasına, fərdi bacarıqlarının təkmilləşməsinə şərait yaratmaq, jurnalist tədqiqatlarının aparılmasını stimullaşdırmaqdır".
Bunu Demokrat.az-a açıqlamasında əməkdar jurnalist Elçin Mirzəbəyli bildirib.
O, müsabiqənin jurnalistlərin fəaliyyətinə müsbət təsir göstərəcəyini düşündüyünü söyləyib:
"Budəfəki müsabiqəni fərqləndirən ən önəmli cəhətlərdən biri medianın hansı sahəsində çalışmasından asılı olmayaraq bütün jurnalistlərə bərabər imkanların yaradılmasıdır. Bu yanaşmanın özü, düşünürəm ki, media sektorunda həyata keçirilən islahatlarda prosesə kompleks yanaşmanın təzahürüdür ki, bu baxış bucağının gələcəkdə də ön sırada dayanacağına böyük ümid bəsləyirəm.
Başqa bir önəmli məqam müsabiqədə iştirak tələblərinin maksimum sadələşdirilməsi, təqdim olunan yazı və reportajlar üçün zamanlama məhdudiyyətinin qoyulmasıdır. Bu da jurnalistlərə imkan verəcək ki, ən yaxşı yazılarını və ya reportajlarını müsabiqəyə təqdim edə bilsinlər. Bu isə ümumilikdə müsabiqənin səviyyəsini yüksəldəcək və rəqabəti gücləndirəcək".
Aygül Qarayeva Demokrat.az


