"Müsabiqə ilə bağlı məlumat, şərtlər dünən açıqlanıb. İlkin olaraq onu deyə bilərik ki, çap mediasına ayrılan vəsait aşağı salınıb. Hazırkı dövrdə lazım olan materialın qiyməti artıb. Buna görə düşünürəm ki, ayrılan maliyyə məbləği artmalıdır ki, inkişaf da olsun".
Bu fikirləri Demokrat.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov Medianın İnkişafı Agentliyinin media subyektləri üçün elan etdiyi layihə ilə bağlı danışarkən bildirib.
O, layihə ilə bağlı ilk təəssüratlarının müsbət olduğunu bildirib:
"Tirajların sayını artırmaq, satışı yaxşılaşdırmaq üçün fərqli addımlar atılmalı, görülən tədbirlər inkişaf yönümlü olmalıdır. Bir tərəfdən bu məbləğin azalması bizi təəssüfləndirib, lakin digər tərəfdən saytlara yardımın ayrılması sevindirici haldır. Bunun üçün qoyulan şərtlərlə tanış olmuşam. Bizim üçün qaranlıq qalan müəyyən məqamlar var ki, onların zamanla aydınlaşacağını düşünürəm. Qiymətləndirmənin hansı üsulla aparılacağını dəqiq bilmirik, hansı meyarların daha önəmli rol oynadığı açıqlanmayıb".
Baş direktor müsabiqənin nə dərəcədə əhəmiyyətli rol oynadığını nəticədən bəlli olacağını vurğulayıb:
"Layihə ilə bağlı yekun fikrimiz sonda olacaq. Qalibin necə seçildiyi, kimlərin qalib olması ümumi təəssüratları tamamlayacaq. Sözsüz ki, həm qəzet, həm də sayt üçün müsabiqəyə qoşulacağıq, lakin nəticədən çox şey asılı olacaq. Son nəticəyə uyğun bizim mövqeyimiz də formalaşacaq".
Aygül Qarayeva Demokrat.az


