İkinci Qarabağ savaşının davam etdiyi cəmi 44 günlük zaman kəsiyində Azərbaycan döyüş meydanında, diplomatik arenada, informasiya sahəsində mübarizə apardı və dünya ölkələrini, beynəlxalq təşkilatları, “demokratik” liderləri, siyasətçiləri çox mətləblərdən hali etdi. Vətən savaşı zamanı Azərbaycan Ermənistana və onun himayədarlarına çox reallıqları əyani şəkildə göstərdi.
Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya məsələləri komissiyasının katibi, siyasi elmlər doktoru Elman Nəsirov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında söylədi ki, 44 gün ərzində Azərbaycan xalqı öz lideri, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək bütün dünyaya gücünü, əzmini, cəsarətini və mübarizə qabiliyyətini bir daha nümayiş etdirdi: “Təbii ki, müharibə dövründə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi özünü daha qabarıq göstərdi. Amma istər bu qurumun yarıtmaz fəaliyyətinə, istərsə də Azərbaycana dünya gücləri tərəfindən hərtərəfli təzyiq edilməsinə baxmayaraq ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya sənədini imzaladı. Nəticədə həm Prezident İlham Əliyev, həm də qardaş Türkiyə rəhbərliyi imzalanmış sənədi Azərbaycanın qeyd-şərtsiz Qələbəsinin və Ermənistanın təslim olmasının dəlili kimi qiymətləndirdilər”. Elman Nəsirov söylədiklərinə onu da əlavə etdi ki, Ermənistan üzərində qazanılan tarixi Qələbənin üç qəhrəmanı var: Müzəffər Ali Baş Komandan, rəşadətli ordumuz və öz Liderinin ətrafında sıx birləşən xalqımız.
Coğrafi baxımdan çətin keçilən sırdırımlı dağlarla əhatələnən, sərt dağ aşırımları olan Şuşanın erməni tapdağından azad edilməsinə diqqət çəkən deputat E.Nəsirov vurğuladı ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi bütün müharibənin taleyini həll etdi. 2021-ci ildən etibarən dövlətimizin yeni dövrə qədəm qoyduğunu söyləyən E.Nəsirov bildirdi ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfərləri zamanı bir neçə mühüm strateji hədəf sadaladı. Bu hədəflər sırasında ölkə başçısı vurğuladı ki, biz işğaldan azad olunmuş torpaqların bərpası və yenidən qurulmasını həyata keçirəcəyik. Qarabağ adlı bir məkanı, Qafqazın incisi hesab olunan Şuşanı dünyanın cənnət diyarına çevirəcəyik. Artıq bildiyimiz kimi, işğaldan azad olunmuş bütün torpaqlarımızın, xüsusilə də strateji əhəmiyyətli Şuşa şəhərinin bərpası və yenidən qurulması mərhələsinə başlanılıb. Bu prosesdə təkcə hərbi deyil, mülki idarəetmə məsələləri də ön plana çıxıb.
Cənab İlham Əliyevin sözü ilə əməlinin daim üst-üstə düşdüyünü xatırladan Elman Nəsirov söylədi ki, artıq görülən işlərin, qazanılan uğurların fonunda sağlam düşüncəyə malik siyasi openentlər də cənab Prezidenti dəstəkləyirlər.
Milli Məclisin deputatı erməni terrorçularının əməllərinə də diqqət çəkərək vurğuladı ki, işğaldan azad olunan torpaqlarımıza baxdıqca insanda elə təəssürat yaranır ki, sanki o ərazilərdən vəhşi qəbilə keçib: “Hər şeyi dağıdıblar, daşı daş üstündə qoymayıblar. Belə olan vəziyyətdə də qeyd etdiyimiz kimi, əlbəttə ilk növbədə infrastrukturu bərpa etmək lazımdır. Minalanmış ərazilərin yaratdığı problemlərə toxunan E.Nəsirov söylədi ki, ermənilərin bu antiinsani əməlləri hazırda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasında çətinliklər yaradır: “ Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu, kapitulyasiya sənədinə imza atdı, lakin Azərbaycana qarşı hələ də mina müharibəsini davam etdirməkdədir. Hal-hazırda o əraziləri minalardan təmizləmək bir nömrəli vəzifədir. Paralel olaraq Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi bütün müvafiq beynəlxalq təşkilatlara müraciət edib ki, Ermənistan minaladığı ərazilərin xəritəsini təqdim etsin. Azərbaycan Prezidenti çətinliklərə, problemlərə stimul kimi yanaşmağı bacaran şəxsiyyətdir. Yəni onun qarşısında maneələr, “şlaqbaumlar” qoymağa çalışsalar da, bu problemlər cənab İlham Əliyevə ancaq stimul verir. Ali Baş Komandan həmin maneələri asanlıqla dəf edərək, bütün siyasi opponentlərini məğlub duruma salır. Bu xüsusiyyət Qarabağın azad olunmasında da özünü göstərdi. Ölkə başçısının səfərləri zamanı bir daha təsdiqləndi ki, biz ancaq irəli gedirik. Qarşımızda hansı maneələr olursa olsun onların hər birinin öhdəsindən gələcəyik”.
Demokrat.az


