Demokrat.az xəbər portalında 23.04.2021 tarixli “Səfir Elmira Axundova Prezidentin sərəncamına qarşı çıxır?” sərlövhəli (https://demokrat.az/az/news/74533/sefir-elmira-axundova-prezidentin-serencamina-qarsi-cixir-ukraynada-novbeti-skandal) məqalənin dərc edilməsi bizdə təəssüf və təəccüb hissi yaradır. Çünki real vəziyyət tamam fərqlidir.
Biz əksinə olaraq Xarkov şəhərində Nizami Gəncəvinin heykəlinin qoyulması ilə bağlı prosesləri ölkəmizin Ukraynadakı səfirliyi ilə razılaşdırırıq, ümumi məsləhətləşmələr aparırıq.
Onu qeyd edim ki, səfir Elmira Axundovaya müraciət edərək Xarkov şəhərində abadlaşdırılan “Filosoflar Meydanı”nda Ukraynanın Xalq Rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun hazırladığı Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş üç nəfərdən ibarət abidə kompozisiyanın cari ildə qoyulması təşəbbüsünü irəli sürmüşəm. Müraciətdə kompozisiyada ukraynalı filosof Qriqori Skovoroda, qazax filosofu Abay Kunanbayev və dahi mütəfəkkir Nizami Gəncəvi abidəsinin yer alması təklifi ilə çıxış etmişəm. Lakin məsələni araşdırdıqdan və Nizami Gəncəvinin ilkin və sonrakı layihələri ilə tanış olduqdan sonra belə qənaətə gəldik ki, S.Qurbanovun yaratdığı kompozisiyada yaşadığı dövr, dünyagörüşü və şəxsiyyətinin miqyasına görə yuxarıda qeyd olunan ukraynalı və qazax filosoflarına daha çox bənzər Azərbaycan yazıçısı, maarifçisi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun abidəsinin yer alması daha məqsədəuyğun olardı. Çünki dahi Nizami Gəncəvinin şəxsiyyətinin miqyası qeyd olunan filosofların şəxsiyyətlərinin miqyası ilə birgə kompozisiyada uzlaşmır.
Onu da qeyd edim ki, Ukraynanın xalq rəssamı, Ukrayna Rəssamlar İttifaqının üzvü azərbaycanlı heykəltəraş Katib Məmmədovun hazırladığı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin nəhəng abidəsi Xarkov şəhərinin gözəl bir məkanında ucaldılacaq.
Bütün bunları nəzərə alaraq məktubumuzun rəhbərlik etdiyiniz saytda dərc olunmasını xahiş edirəm.
Emin Nəcəfli Qazaxıstanın Xarkovdakı Fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti


