Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə azadlığa çıxan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 27 fevral tarixli hökmü ilə məhkum edilmiş 1973-cü il təvəllüdlü Həsənov Babək Qəzənfər oğlu müsahibə verərək Penitensiar Xidməti ağır şəkildə ittiham edib.
O, "Meydan Tv"-yə müsahibəsində qeyd edib ki, həm özü, həm də digər məhkumlar lüt soyundurularaq şərəf və ləyaqəti alçaldılıb, eyni zamanda məhkumlardan biri onunla münasibət qurduğuna görə döyülərək iki qabırğası sındırılıb.
Səsləndirilən ittihamlarla bağlı Correct.az saytına açıqlama verən Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, onun açıqlamaları həqiqəti əks etdirmir:
"Bu açıqlama tamamilə həqiqətə uyğun olmayan bir açıqlamadır".
Xatırladaq ki, Həsənov Babək Qəzənfər oğlu Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Demokrat.az


