Abşeron rayonda cinayət törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Gülhüseyn Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, Gülhüseyn Nəcəfov Abşeron rayonu, Saray qəsəbəsində, küçədə avtomoli ilə manevr edən zaman toz qaldırdığına görə qohumu Eldar Zalov ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Gülhüseyn Nəcəfov yumruqla Eldar Zalovun sifətindən vuraraq, ona xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Gülhüseyn Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülhüseyn Nəcəfov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Eldar Zalov bildirib ki, Saray qəsəbəsində yerləşən “Saray” şadlıq evi yaxınlığında yaşayan gəlinlərini görmək üçün daysıgilin evinə gəlib: “Məhəllədə avtomobilimi park edən zaman maşınından manevr etmə səsi gəldi. Buna səbəb avtomobilimdə olan nasazlıq olub. Lakin, gəlinimizin dayısı Gülhüseyn evlərinin qarşısında avtomobilim ilə toz qaldırdığımı bəhanə etdi. Anamın yanında yumruqla sifət və təpiklə isə ayağımdan vurdu”.
Eldar Zalov qeyd edib ki, baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib: “Bunu görən Gülhüseyn məni təhqir etdi. Həmin vaxt orada biz özümüz olmuşuq. Gülhüseyndən şikayətçiyəm”.
Bu cinayət işi Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılıb.
Gülhüseyn Nəcəfov qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması hökm edilib.
Fariz Məlikli Demokrat.az


