Gündəm

Enerji qiymətləri dünyada...

Enerji qiymətləri dünyada...

Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bu artıma nədən gedildi? Qiymət artımından qaçmaq mümkün idimi?

Bu qəbildən olan suallara cavab verməzdən öncə dünyadakı mövcud duruma toxunmaq vacibdir. Məlumdur ki, pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətində azalma müşahidə edilib. Amma indi vəziyyət tam fərqlidir. Belə ki, ilin sonuna yaxın COVİD-19 infeksiyasına qarşı vaksinin tapılması ilə bağlı məlumatların davamı olaraq bir çox ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması baş verib. Nəticədə enerji qiymətlərində artım yaşanıb və bu, ilk növbədə benzin, dizel yanacağının, həmçinin digər neft məhsullarının qiymətinə də təsirsiz ötüşməyib.

Vəziyyətin daha aydın olması üçün Beynəlxalq Enerji Agentliyinin məlumatlarına diqqət edək. Həmin informasiyalara əsasən, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Ayrı-ayrı ölkələr üzrə mövcud duruma istinad etsək, Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadır. Bu isə 32%-lik artım deməkdir. Qonşu Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edib. Ukraynada isə ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb. Azərbaycanın digər yaxın qonşusu Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb.

Analoji vəziyyət Avropa da özünü göstərib. Ötən ilin noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Misal olaraq, Almaniya da yeni ilə yanacağın qiymətində artımla daxil olub: həm benzin, həm də dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Bununla yanaşı, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə edilir. Almaniya hökuməti belə bir addımı atmaqla büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi və pandemiya dövründə özünün sosial öhdəliklərini, sərmayə planlarını yerinə yetirməyi düşünür. Bu heç də son deyil və Almaniya mətbuatı bu ölkədə yanacağa olan qiymətdə artımın 2021-ci ildə davam edəcəyini yazır.

Yeri gəlmişkən, hazırda bəzi ölkələrdə benzin və dizelin qiymətinə də nəzər salmaq vacibdir. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:

- Rusiyada 1 manat; - Ukraynada 1,72 manat; - Belarusda 1,14 manat; - Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının qiyməti;

- Türkiyədə 1,44 manat; - Rusiyada 1,12 manat; - Ukraynada 1,72 manat; - Belarusda 1,21 manat; - Ermənistanda 1,19 manat; - Gürcüstanda 1,15 manat səviyyəsindədir;

Avropa ölkələrində isə yanacağın qiymətinin bu qiymətlərdən daha baha olduğu hamıya məlumdur. Beləliklə, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağı olduğu göz önündədir.

Qiymət artımı ilə bağlı rəsmi məlumatda tarif tənzimlənməsində konservativ yanaşmanın, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılmasının, əhalinin sosial müdafiəsinin, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsinin və s. bu kimi amillərin nəzərə alındığı bildirilir.

Xüsusilə iki məqamın; istehlak bazarında qiymət artımının yaşanıb-yaşanmayacağına və sosial baxımdan həssas əhali qrupuna mümkün təsirlərin üzərində dayanmaq vacibdir. Öncə qeyd edək ki, Azərbaycanda dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Ötən müddət ərzində Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib. Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb: 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Bununla yanaşı, əhalinin gəlirlərində də əhəmiyyətli artım qeydə alınıb. Ötən dövrdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

Artımın istehlak bazarında qiymət artımı yaratmaması proqnozlaşdırılır.

Birincisi, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Belə ki, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcək.

İkincisi, Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.

Üçüncüsü, qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır. Yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək.

Dördüncüsü, tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər.

Əhalini daha çox düşündürən tarif artımının vətəndaşların ailə büdcəsinə nə dərəcədə təsir edəcəyidir. Artımın az olması bu təsirin ciddi olmayacağını vurğulamağa əsas verir. Mümkün təsirlərin qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçiriləcək.

1. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək və kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. 2. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. 3. Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. 4. Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. 5. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Əhalinin sosial cəhətdən həssas təbəqəsinin bu artımdan zərər görməməsi xüsusi önəm daşıyır. İlk növbədə onu vurğulayaq ki, indiyə qədər baş verən artımlar bunu önləyəcək. 2019-cu ildən Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki sosial paket həyata keçirilib. 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb:

- Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. - Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb. - Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib. - 2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. - Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib.

Bundan başqa, məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s. 2019-cu ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 mln. nəfər olub. Bu isə əhalinin 42 faizi deməkdir. Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib.

Nəzərə almaq lazımdır ki, dövlətin pandemiya dövründə də sosial tədbirləri axsamayıb. Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib. Həmçinin, biznesə dəstək paketləri reallaşdırılıb, ödənişli ictimai iş yerlərinin sayı artırııb, birdəfəlik ödəmələr verilib və s.

Ən nəhayət, hazırda Azərbaycanda növbəti sosial paketin icrasının şahidiyik. 44 günlük Vətən müharibəsindən sonra bu qəbildən olan tədbirlərə yenidən start verilib. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.

Postkonflikt dövründə digər geniş sosial dəstək paketlərinin həyata keçirilməsi, əmək pensiyalarının indeksasiyası nəzərdə tutulur.

Bütün bunlar əhalinin sosial baxımdan həssas təbəqəsinin qiymət artımından zərər görməsinin qarşısını alacaq.

Elman Babayev Əməkdar jurnalist

Demokrat.az

D
demokrat.az