Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində xoşagəlməz, kədərli hadisə baş verib. Yenə erməni əməli, erməni vəhşiliyi!!!
Qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub. Digər əsgərimiz Əliyev Emin Süleyman oğlu isə yaralanıb.
Müdafiə Nazirliyi məlumat yayıb ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü isə məhv edilib.
Digər bir xoşagəlməzlik baş verən bu hadisəyə sosial şəbəkələrdə verilən reaksiyalardır. Reaksiyalar emosionaldır, soyuq başla təhlil edilmir, məsələnin gerçək tərəflərinə dayanmır.
Məsələ ondan ibarətdir ki, istənilən müharibədə azad olunmuş ərazilərdə terrorçu qalıqları qalır və onların təmizlənməsi üçün müəyyən vaxt tələb olunur. Biz müharibəni bitirmişik, amma işğaldan azad edilmiş ərazilərdə təmizlənmə işləri bitməyib, bu proses aparılır. Hansı zamana kimi çəkəcək, onu heç kəs proqnozlaşdıra bilməz.
Unutmayaq ki, 30 ilə yaxın bir müddətdə düşmən torpaqlarımızda istədiyi istehkamı qura bilib. Gizlənmək, gizləndiyi yerdən Azərbaycana təhlükə yaratmaq üçün. Oradakı gizlənmə şəraiti müxtəlif şəkildədir. Anlamaq lazımdır ki, 30 ildə torpağın altında fantastik səviyyədə gizlənmə bunkerləri yaradan düşmənin yuvasını bir göz qırpımında yox etmək asan məsələ deyil. Təbii qıraqdan baxana hər şey asan gəlir. Söhbət erməni kimi hiyləgər, vəhşi düşməndən gedirsə, bunu anlamaq zor olmamalıdır. Həmin yerlərdə təmizləmə fəaliyyəti durmayıb, aparılır. Aparılır ki, düşmən küncdən-bucaqdan çıxıb, qalib Azərbaycan əsgərinə saldırmaq, qısasını almağa cəhd göstərir. Məsələni bu cür anlamaq varkən, niyə narahatlıq keçirməliyik ki, müharibə davam edir, Azərbaycana qarşı hücum əməliyyatı aparılır?!
3-5 terrorçunun hərəkəti müharibə deməkdirmi?! Müharibə böyük miqyaslı əməliyyatdır. Son qarşıdurmanı müharibənin davam etdirilməsi anlamında paylaşmaq yanlış, xətalı yanaşmadır. İctimai rəyi belə anlaşılmazlıqla çaşdırmaq olmaz, bundan çəkinmək lazımdır. Bizım birliyimiz, vahid informasiyadan çıxış etməyimiz müharibə ilə sona çatmamalıdır. İnformasiya məsələsində doğru yanaşma, həssaslıq, birgəlik bundan sonra da lazımdır. Necə ki, müharibənin gedişində xəbərləri bir mərkəzdən gözləyirdik, bundan sonra rəsmi qaynaqları gözləmək və istinad etmək məcburiyyətindəyik. Hərədən gələn bir xəbər xəbərin əsli deyil, o, artıq müxtəlif yozumlara uğrayaraq dövriyyəyə girir. Səbirli olmaq vacibdir, ictimai rəyi emosional xəbərlərlə yükləmək, azdırmaq, gərginliyə salmaq əbəsdir və heç kimə xeyir gətirməz.
İndiki mərhələdə səbrə, sağlam düşünməyə söykənmək vacıbdır. Sosial şəbəkələrdə aktiv, yanlış müzakirələrlə heç birimiz ermənini girdiyi yuvadan dartıb çıxara bilmərik, başını əzə bilmərik, dünyaya heç göstərə bilmərik. Terroristə layiq olduğu cavabı ancaq əsgər, xidmət heyəti, başlıcası Müdafiə Nazirliyi verə bilər. Nazirlik öz məlumatında cəmiyyəti əmin edən məqamı vurğulayıb:” Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir”.
Elman Babayev Əməkdar jurnalist
Demokrat.az


