Gündəm

Tamamilə fərqli Rusiya

Tamamilə fərqli Rusiya

Düşmənin əlinə oynayıb Azərbaycanla Rusiya arasında yaranmış müsbət əlaqələrə zərbə vura biləcək mövqedən qaçmalıyıq.

Etiraf etmək lazımdır ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı fonunda tamamilə fəqrli Rusiya gördük. Bu danılmaz faktdır ki, Rusiyanın Ermənistana açıq dəstəyi olmadı. Əməliyyatların Azərbaycan ərazilərində getdiyini bəyan edən rəsmi Moskva ermənilərin gözləntilərinin üzərindən xətt çəkdi.

Tam başqa mənzərə də ola bilərdi. Rusiya digər həmsədr ölkə Fransa kimi ermənipərəst mövqe tutar, Ermənistana hərtərəfli dəstək verərdi. Amma bu baş vermədi. Rusiyanın münaqişəyə müdaxiləsi həmin ölkənin mətbuatının ermənipərəst mövqeyindən o tərəfə getmədi.

Rusiya dövləti və rəhbərliyi düşmənin davamlı yalvarışlarına rəğmən, əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə münaqişədə neytral mövqe tutdu və Azərbaycanın haqq işinə maneçilik törətmədi. Təkcə, Şuşanı almağımız üçün illərlə müharibə aparmalı olardıq. Nəticənin isə nə olacağı qeyri-müəyyən qalardı.

Ən pis variantın baş verməməsinin ən başlıca səbəbi zamanında Rusiya ilə qurulmuş strateji tərəfdaşlıq əlaqələri, iki ölkə başçısı - Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında səmimi dostluq münasibləridir. Həm qitisadi. həm hərbi, həm də şəxsi münasibətlərin qiymətini anlamalıyıq.

Bu gün Rusiya və Azərbaycan strateji tərəfdaş kimi, bir çox regional iqtisadi-siyasi məsələlərdə iştirak edirlər. Buna misal kimi, Bakı-Novorossiysk, Şimal-Cənub nəqliyyat dəhlizi və s. göstərmək olar. Önəmli qarşılıqlı maraqlar dərin köklərə malikdir. Rusiya şirkətləri Azərbaycanda səmərəli fəlaliyyət göstərir, ölkəmizin iqtisadiyyatına sərmayə yatırırlar. Rusiyadan tiristlərin axını Azərbaycanda turizmin inkişafına olduqca müsbət təsir göstərir və s.

Son günlər Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsindən sonra bütün bunları unudub yanlış bəyanatlar vermək doğru deyil. Düşmənin istədiyi də məhz odur ki, Azərbaycanla Rusiya arasında yaranmış müsbət əlaqələr sıfırlansın. Azərbaycanda bu ölkəyə qarşı nifrət yaransın ki, çirkin niyyətlərini gerşəkləşdirmək üçün bəhanə əldə etsinlər. Rusiyanın ermənipərəst jurnalistləri də bu işdə alət kimi istifadə olunmaqdadır. Bu oyuna getməməliyik!

Birincisi, unutmaq lazım deyil ki, Rusiya sülhməramlılarının Azərbaycanda olması müddəti məhz Azərbaycanın iradəsindən irəli gəlir. 5 ilə yaxın müddət bitdikdən sonra Azərbaycan yox deyərsə, Rusiya sülhməramlılarını ərazidən çıxartmağa məcbir olacaq. İndiyədək artıq iki dəfə Azərbaycandan xarici dövlətin qüvvələri çıxarılıb, bu istiqamətdə böyük diplomatik təcrübə var. Qəbələ RLS nümunəsini də yaddan çıxartmayaq.

İkincisi, Ermənistan tərəfi Azərbaycanı guya etnik təmizləmələr törətməkdə ittiham etmək niyyətində idi. Ermənilər az sayda mülki əhali saxlayaraq həmin ərazilərə daxil olan hərbçilərimizi soyqırımda ittiham etmək və kampaniyaya başlamaq üçün planlar hazırlamışdı. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi Ermənistan tərəfinin planlarını alt-üst edib.

Bundan başqa, Azərbaycanın hərbi sahədə ən geniş əlaqələrə malik ölkələrdən birinin Rusiya olduğunu görməzdən gəlməməliyik. Azərbaycan Rusiya ilə hərbi sahədə sıx əməkdaşlığa malikdir. Bu gün Azərbaycanın tankları, topları, atıcı silahları, mərmilərinin böyük hissəsi məhz Rusiya istehsalıdır. Rusiya hərbi sənaye üzrə dünyada ən böyük oyunçudur və biz bu ölkə ilə bu sahədə də əməkdaşlığa son verə bilmərik.

Tarixin Rusiya ilə bağlı səhifələri içində qurdalanıb bu günün reallıqlarını görməzdən gəlmək olmaz. Açıq ermənipərəst mövqe sərgiləyən Fransadan fərqli olaraq, Rusiya məsələ ilə bağlı neytral mövqedə dayanıb. Bu mövqeyin dəyərini anlayıb, emosiyalara qapılmadan münaqişə ilə bağlı son addımlara kimlərinsə mane olması üçün fürsət verməməliyik. Yeni reallığı dəyərləndirməli, ona uyğun davranmalıyıq. Abxaziya, Cənubi Osetiyadakı vəziyyətlə, Qarabağdakı vəziyyətin tam fərqli olduğunu da anlmalıyıq...

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az