"Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatlarını mən anti-terror əməliyyatları hesab edirəm. Çünki Azərbaycan öz ərazilərində müharibə aparır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, bu müharibə başlayandan bəri Prezident İlham Əliyevin yeni keyfiyyətləri üzə çıxıb:
"Sanki xalqımız onu yenidən kəşf etdi. Bunlardan biri cənab Prezidentin xarici KİV-lərə müsahibəsi zamanı göstərdiyi hazırcavablığı və yüksək biliyinin nümayişi idi. Dövlət başçısının bu keyfiyyətləri Azərbaycanın qələbələrində çox mühim rol oynayır. Cənab Prezident əsl liderlər kimi cəsarətli çıxışlar edir, işğalçı Ermənistanı və onun havadarlarını yerində oturdur. Bütün bunlar həm də onu göstərdi ki, İlham Əliyev dünyaca tanınan təcrübəli siyasətçidir. Ona görə də dünya liderləri cənab İlham Əliyevlə hesablaşmağa məcbur olurlar. Yəni, müharibə bitəcək, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və ondan sonra İlham Əliyevin təcrübələri barədə çoxlu kitablar yazılacaq, filmlər çəkiləcək. Bütün bunlara görə hesab edirəm ki, bu müharibədə Azərbaycanın qələbə qazanmasında ən azı 50 faiz cənab İlham Əliyevin qətiyyətli çıxışlarının və dünya mediasına verdiyi müsahibələrinin rolu vardır".
Deputat qeyd edib ki, bütün insanlarımız oturub televiziya qarşısında səbrsizliklə cənab Prezidentin çıxışlarını gözləyirlər, ona dəstək nümayiş etdirirlər:
"Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının ürəyindən gələn sözləri deyir, əhalini məlumatlandırır, insanlarımız da onu çox sevirlər".
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək fəaliyyətini də təqdirən edən Vahid Əhmədov bildirib ki, Mehriban xanım Əliyeva qısa müddət ərzində Azərbaycan xalqının böyük rəğbətini qazanıb:
"Mehriban xanım hələ Heydər Əliyev Fondunun prezidenti olandan bəri Azərbaycanda böyük sosial layihələr həyata keçirib. O, Azərbaycanda evsiz, imkansız və şəhid ailələri, müharibə əlilləri ilə sıx təmasda olur, onlara qayğı göstərir, Heydər Əliyev Fondu tərəfindən həmin insanlara yardımlar edilir. Mehriban xanım Əliyevanın nə qədər hümanist və xeyrxah insan olmasını Azərbaycan əhalisi çox yaxşı bilir. Buna görə də Azərbaycan xalqı Mehriban Əliyevanı çox istəyir, ona böyük hörmət bəsləyirlər. Təsadüfi deyil ki, bu gün Mehriban Əliyeva nəinki Azərbaycanda, dünyada da xeyrxah və hümanist Azərbaycan qadını kimi nüfuz qazanıb".
Deputat bir sıra ermənipərəst xarici KİV-ləri Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyinə görə tənqid edib:
"Çox təəssüf ki, bu gün Azərbaycanın səngərdə qazandığı hərbi qələbələri bir sıra ermənipərəst dairələri ciddi narahat etməyə başlayıb. Bu baxımdan da həmin dairələrə yaxın olan xarici telekanallar diqqəti başqa tərəfə yönəltmək cəhdlər edirlər. Cənab Prezident İlham Əliyev onların çox yaxşı cavabını verdi və onlara ABŞ tarixində olan ailə hakimiyyətlərindən konkret misallar çəkdi. Əslində, Azərbaycan Ordusunun son qələbələrindən sonra bu cür məkrli sualların veriləcəyi gözlənilən idi. Bununla həmin dairələr Azərbaycan xalqı ilə Ali Baş Komandan arasında mövcud olan güclü birliyə xələl gətirməyə çalışırlar. Ancaq həmin dairələr heç nəyə nail ola bilməyəcək. Əvvəla, Mehriban xanım Əliyeva Azərbaycan xalqı tərəfindən çox hörmət bəslənilən xanımdır. Bunu cənab Prezident də öz çıxışında bildirmişdi. Hətta, Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunmamışdan öncə də Heydər Əliyev Fondunun prezidenti kimi xalqımızın mütləq əksəriyyətinin rəğbətini qazanmışdı.
Bu gün Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ən ağır sahələrdən biri olan sosial sahədə böyük işlər görür, əhalinin problemlıərinin həllinə yaxından köməklik göstərir. Ona görə də hesab edirəm ki, cənab Prezident İlham Əliyev Mehriban xanım Əliyeva haqqında söylədikləri fikirləri xalqımızın ürəyindən gələn sözlər idi. Doğrudan da bu gün xalqımız həm cənab Prezidenti, həm də Mehriban xanım Əliyevanı öz ailə üzvləri kimi çox istəyir.
Bu gün Mehriban xanım Əliyeva müharibə dövründə qələbələrimizlə bağlı paylaşımlar edir, xalqımıza və əsgərlərimizə dəstək olan çıxışlar edir, Azərbaycanın sülhsevər dövlət olmasını dünyaya çatdırır. Bütün bunlar həm də Azərbaycanın sülsevər bir dövlət olmasının dünyaya mesajıdır ki, bunu da Mehriban xanımın timsalında görürük. Bütün bunlar çox vacib olan məsələlərdir".
Zaur Hacılı Demokrat.az


