Müsahibə

Sabiq Baş Nazir: "Ermənilər onların qılığına girərək himayəsini qazanıblar" (MÜSAHİBƏ)

Sabiq Baş Nazir: Ermənilər onların qılığına girərək himayəsini qazanıblar (MÜSAHİBƏ)

“2020-ci il sentyabrın 27-də Erməni Silahlı Qüvvələrinin işğal altında olan ərazilərimizdə təmas xətti boyunca növbəti hücum əməliyyatlarının qarşısının alınması və eyni zamanda ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində dövlət başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul etdiyi qərar müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq”.

Bu sözləri “MediaPost”a müsahibəsində Azərbaycanın sabiq Baş Naziri Novruz Məmmədov deyib.

N.Məmmədov müsahibəsində rəşadətli ordumuzun hazırda aparılan işğaldan azadetmə əməliyyatlarından, xarici dövlətlərin, o cümlədən ATƏT-in Minsk Qrupu ölkələrinin məlum hadisələrə münasibətindən və digər məsələlərdən də söz açıb.

-Novruz müəllim, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağda müharibə gözlənilən idimi?

-Müstəqillik illəri ərzində Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu istiqamətdə görülən işlər isə hazırda göz qabağındadır. Azərbaycan Prezidenti Beynəlxalq aləmdə gedən prosesləri, qarşıda duran vəzifələri nəzərə alaraq çalışırdı ki, işğal altında olan torpaqlarımızı danışıqlar yolu ilə həll etsin. Görünən o oldu ki, gənc müstəqil Azərbaycan dövlətinin bu problemini həll etmək üçün atılan addımlar, qəbul edilən qərar və qətnamələr nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə, təəssüflər olsun ki, kağız üzərində qaldı. Dünyanın üç böyük dövləti, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya Federasiyası və Fransaya böyük ümidlər var idi. Hesab edirdik ki, BMT TŞ-nin dörd qətnaməsinə səs vermiş üç daimi üzvü ABŞ, Rusiya Federasiya və Fransa bu problemin həllində lazımi addımlar atacaq. Lakin təəssüflər olsun ki, bu illər ərzində Azərbaycanın bütün səylərinə baxmayaraq atılan addımlar nəticə vermədi.

- Dünyada təhlükəsizliyin qarantı kimi özünü göstərən dövlətlər niyə münaqişəni həll etmək istəmədi?

- Bu gün Prezident İlham Əliyevin bu illər ərzində gördüyü işlər Azərbaycanın bütün sahələrini inkişaf etdirərək ölkəmiz regionun liderinə çevirildi. Silahlı Qüvvələrimizi dünyanın güclü orduları siyahısına saldı. Nəticəsiz danışıqlara cavab olaraq Azərbaycan Prezidenti 27 sentyabr düşmənin hücumunun qarşısının alınması istiqamətində torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına qərar verdi. Bu qərarı ilə Ali Baş Komandan İlham Əliyev beynəlxalq aləmə ustad dərsi verir. 30 ildən artıqdır ki, beynəlxalq aləmdə özlərini sülhün, təhlükəsizliyin, sabitliyin qarantı kimi göstərən dövlətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfələrini verə bilmədiyi üçün müstəqil Azərbaycan Respublikası özü bu münaqişəni aradan qaldırmağı qərara aldı.

- Novruz müəllim, düşmən niyə Azərbaycanın müharibə yolu ilə torpaqlarını geri ala bilməyəcəyindən arxayın olmuşdu?

- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan 30 ilə yaxın müddətdə gözlədi və ümid edirdi ki, torpaqlarımız danışıqlar yolu ilə geri qaytarılacaq. Məqsəd ərazilərimizi müharibə ilə deyil, danışıqlar, sülh vasitəsilə həll etmək idi. Amma bu alınmadı. Buna səbəb Ermənistan və havadarlarının bu məsələdə lazımi addımlar atmaq istəməməsi oldu. Əvəzində Ali Baş Komandan bütün lazımi addımları atdı. Buna kimi, ölkənin iqtisadi, hərbi gücünü artırdı. Ordumuzu hazırkı səviyyəyə gətirib çıxardı. Bu gün Ermənistan artıq Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu əyani görür. Amma döyüşlərdən əvvəl Ermənistan əvvəlki kimi havadarlarına arxayın olmuşdu. Hesab edirdi ki, Azərbaycan torpaqlarını geri ala bilməz. “Arxamızda dayananlar var və heç kimin buna cürəti çatmaz” - deyə Ermənistan rəhbərliyi bunu hər yerdə bəyan edirdi.

- Fransa prezidenti Emmanuel Makron münaqişə ilə bağlı qəbuledilməz açıqlamalar verdi. Bu barədə fikirlərinizi bölüşərdiniz...

- Təəssüf hissiylə bu məsələyə toxunmaq istəyirəm. Məsələ burasındadır ki, hər bir dövlətin başçısı addım atmamışdan əvvəl hərtərəfli fikirləşməlidir. Hər şeyi ölçüb-biçməlidir. Nə düzdür, nə səhvdir, nə ədalətlidir, nə yox. Fikirləşmədən addım atarsa, təkcə qarşı tərəf üçün deyil, özü, xalqı üçün də zərərlidir. Hesab edirəm ki, Fransa prezidenti məlum "fikirləri" deyəndə heç olmasa, özündən əvvəlki rəhbərlər - Jak Şirak, Nikolya Sarkozi, Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi ilə tanış olardı. Ya da bu məsələnin tarixinə bir diqqət yetirərdi.

- Bəlkə Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla dostluğuna görə Azərbaycana qarşı qəbuledilməz fikirlər səsləndirdi?

- Dostluq məsələsi burada ola bilməz. Emmanuel Makronun məsləhətçiləri, köməkçiləri bu münaqişənin tarixini ona deməli idi. Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Bu qətnaməyə Fransa da səs verib. Bundan başqa beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Fransa prezidenti gərək bu barədə düşünsün və ətraflı öyrənsin. Bu gün Fransa dünyaya ədalət, bərabərlik, qardaşlıq və sair dəyərlərin carçısı kimi özünü göstərir. Mən düşünürəm ki, belə olduğu halda Emmanuel Makronun mövqeyi Fransanın nüfuzuna xidmət etmir.

- Yeri gəlmişkən, siz Baş Nazir olduğunuz dönəmdə Makronun Fərmanı ilə, “ŞərəfLegionu” ordeninin zabit dərəcəsi ilə təltif edilmisiniz. Makronun Azərbaycana qarşı qəbuledilməz mövqeyi davam edərsə, siz bu ordendən imtina edəcəksinizmi?

- Mən bu ordeni Azərbaycan-Fransa əməkdaşlığına verdiyim töhfəyə görə almışam. Həmçinin 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə, sabiq Fransa prezidenti Jak Şirak tərəfindən "Fəxri Legion" ordeni ilə təltif edilmişəm. Hazırda Fransa prezidentinin bir neçə gün əvvəl qəbuledilməz mövqeyini davam etdirəcəyinə şübhə edirəm. Prinsip etibarilə mən Azərbaycan vətəndaşıyam. Bu ölkəmin maraqlarını heç nəyə dəyişmərəm. Öz ölkəmlə bağlı hansı dövlətin prezidenti, rəhbəri olursa olsun, onun ədalətli mövqeyi mənim üçün vacibdir. Olmasa, mən bununla bağlı öz mövqeyimi mütləq bildirməliyəm. Harada, necə bu mənim şübhəsiz qərarımdan asılı olacaq.

- Novruz müəllim, Fransanın mövqeyi aydın oldu. Bəs ABŞ və Rusiya tərəfinin açıqlamalarını necə qiymətləndirirsiniz?

- Prinsip etibarilə Rusiya Federasiyası münaqişənin həlli ilə bağlı daha fəaldır. Hazırda Rusiya rəhbəri daha səbrli, birtərəf və neytral mövqe nümayiş etdirir. Bu da çox düzgün addımdır. Məncə hazırda Rusiya dünyada gedən proseslərdə istəyir ki, ədalət olsun. ABŞ-a gəldikdə isə bu məsələ ilə bağlı Donald Tramp səviyyəsində mövqe olmasa da Dövlət Departamentindən müəyyən fikirlər səsləndirildi. Orada adamlar müxtəlif mövqe bildirə bilir. Amma ABŞ Dövlət Departamentinin bu məsələdə rəsmi mövqeyini neytral saymaq olar. Trampın özünün seçkilərə və başqa işlərə başı qarışıb. Ona görə də bu məsələyə hələlik çox qarışmır.

- Bəs qardaş Türkiyə, Pakistanın mövqeyi düşmən ölkəni və onun havadarlarını niyə qıcıqlandırır?

- Keçmişdən bugünədək Türkiyə ilə Azərbaycanın münasibətləri hansı səviyyədə olmasından mənim daha yaxından xəbərim var. Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq, dostluq münasibətlərinə söykənir. Bu hamıya məlumdur. Mən bu proseslərdə iştirak etmişəm. Ümummilli liderin işlətdiyi kəlam kimi “Bir millət, iki dövlət” olaraq münasibətlərimiz yüksələn xətlə daha da inkişaf edir. Hazırda iki ölkə arasında əlaqələr ən pik həddə gəlib çıxıb və bu qürurvericidir. Türkiyə Azərbaycana mənəvi, siyasi dəstək verir. Heç bir ölkə Türkiyəni bu məsələdə suçlaya bilməz. Necə ola bilər xərcləməyə 100 milyonu olmayan Ermənistan milyardlarla silaha sahibdir. Amma bu silahları da Azərbaycan ordusu sıradan çıxarır. Söhbət ondan gedir ki, bu günlərdə hər kəs hər şeyi görür. Artıq hamı bilir ki, humanitar atəşkəs müddətində Ermənistana hər tərəfdən silahlar daşıdılar. Bu nə deməkdir? Dəstək deyil? Amma bütün bunların heç biri Azərbaycanın indiki qüdrətinin, iradəsinin qarşında dayana bilməyəcək. Azərbaycan gec-tez bütün torpaqlarını geri qaytaracaq. Türkiyə xalqı və onun lideri Rəcəb Tayyib Ərdoğan hər zaman ədalətin yanında olub və bu gün də belədir.

Eyni böhtanlar Pakistana qarşı da atılır. Buna baxmayaraq, Pakistan da həmişə Azərbaycanla əlaqələrində sədaqətlidir. Həmişə Azərbaycanın etibarlı tərəfdaşı, siyasi və mənəvi dəstəkçisi olub. Düşünürəm ki, bundan sonra da bu qardaş ölkələrlə heç kim münasibətlərimizi poza bilməyəcək. Qardaşlıq münasibətlərimizdə heç bir şey dəyişməyəcək.

- Novruz müəllim, bu gün xarici və yerli ekspertlər hesab edir ki, hazırda gedən müharibə Ermənistanı rəzil duruma salıb, iqtisadiyyatları tam çökür. Bu barədə nə deyə bilərsiniz?

- Bunu nəinki ekspertlər, hətta ermənilər özləri də deyir. Bu gün Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edir. Koronavirus pandemiyası dövründə, həm də ondan əvvəl bu ölkədə iqtisadi geriləmələr müşahidə edilirdi. Bir sözlə, Azərbaycan düşməni hazırda döyüş meydanında, 1993-ci ildən bu yana iqtisadi müstəvidə ciddi şəkildə məğlub edib. Ölkəmiz Ermənistana hərtərəfli zərbələr vurur. Ermənistanda heç zaman olmayan normal iqtisadiyyatı tam məhv olmaq üzrədir. Ermənistanda əhali bu günə qədər dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərinin ianələri hesabına yaşayıb. Onu da qeyd edim ki, bu ölkənin dövlət büdcəsi heç Azərbaycanın hərbi büdcəsi qədər deyil. Bu gün Qarabağda yaşayan ermənilərin bir çıxış yolu var. Torpaqlarımızdan silahlı qüvvələrini çıxarıb, Azərbaycan dövlətinə sığınmaq.

- Ermənistan diasporası barədə də fikirlərinizi bölüşərdiniz...

- Əvvəlcə qeyd edim ki, ermənilərin heç vaxt dövlətləri olmayıb. Onlar yalnız özləri haqqında qondarma tarix yaradaraq guya 2000-2500 il bundan əvvəl nələrsə ediblər. Bunların hamısı yalandır. Bunlar artıq adət ediblər ki, öz qondarma tarixlərini real tarix kimi formalaşdırıb ortaya qoysunlar. Guya hamı bilsin ki, bunların sözügedən vaxtdan bugünədək tarixləri olub. Ermənilər Dəclə-Fərat çayının sahillərindən müxtəlif yerlərə köç ediblər. Nəhayət, 19-cu əsrin əvvəllərində - 1805-1812, 1828-1830-cu illərdə indiki Azərbaycan torpaqlarına köçürülərək özlərinə məskən salıblar. O vaxta qədər ermənilər bu ərazilərdə olmayıblar. Rusiyanın arxivlərində bununla bağlı dəqiq say da var. Orada göstərilir ki, nə qədər erməni İrəvana köçürülüb. Torpaqlarımızda məskən saldıqdan sonra başladılar tariximizi tarixləri kimi “yazmağa”. Onlar hətta Urartu, Qafqaz Albaniyasını da öz qondarma tarixləri kimi qələmə alıb. Bu “tarixi” diasporalarının köməkliyi ilə dünyanın bir sıra ölkələrinə yayılmasına cəhd göstərirlər. Bu gün müəyyən ölkələrdə ermənilər özlərini zəlil, məzlum kimi aparırlar. O, ölkələrin xalqlarının rəhbərlərinin xoşlarına gəlmək üçün müxtəlif yollara əl atırlar. Müəyyən mənada buna nail də ola bilirlər. Bu barədə mənə Avropada, ABŞ-da yüksək vəzifəli nümayəndələr də deyiblər. 1997-1998-ci illərdə ABŞ-da səfərdə olmuşam. Həmin vaxt konqresmen, senatorlarla söhbət edirdim. Onlar mənə ermənilərin nə qədər aciz millət olmasından danışırdılar. Ermənilər belə vəzifəli şəxslərin qılığına girərək himayəsini qazanıblar. Olduqları bütün dövlətlərdə də onlar bu cür yerləşə biliblər. Əslində, ermənilər dünyanın müxtəlif ölkələrinə səpələnməyi sevirlər. Belə yaşamaq hər zaman onlara şirin olur. İllər ərzində bu insanlar bir millət, xalq kimi heç vaxt bir yerə toplaşa bilməyiblər. Bu necə ola bilər? Sən əgər bir xalq, bir millətsənsə, əsas hissən ölkəndə olmalıdır. Amma bunlarda əksinədir. 2 milyon Ermənistanda, 10 milyon nəfər isə xaricdə yaşayır. Onlar ABŞ, Kanada, Fransa, Rusiya və hətta Ərəb ölkələrində də yaşayırlar. Girirlər onun-bunun qılığına başlayırlar özlərinin “tarixi” ilə bağlı qondarma fikirlər yaymağa. Bu ermənilər müxtəlif vasitələrlə özlərini sevdirməyə çalışıblar. Müəyyən mənada xristian olduqları üçün uğur da qazana biliblər.

- Torpaqlarımız tam işğaldan azad olunandan sonra ilk getmək istədiyiniz hansı rayon olacaq?

- Bir məsələni etiraf edim. Təhsilim və xaricdə işlərimlə əlaqədar bu günə qədər heç vaxt Ermənistan tərəfindən işğal olunan torpaqlarımızda (Dağlıq Qarabağ və ətraf rayonlar) olmamışam. Təəssüf hissiylə qeyd edirəm ki, bu necə ola bilib? Mən heç vaxt bu cür gözəl yerləri gedib görməmişəm. İndi ən böyük arzum, gedib o gözəl yerlərimizi görmək və gəzməkdir. Azad olunan torpaqlarımızın hamısını qarış-qarış gəzəcəyəm. Torpaqlarımızın bəzi hissələri düşmən tapdağından azad olunub və buradan görüntülər yayımlanır. İndi siz o görüntülərdən görürsünüz... Dağlar bir tərəfdə, meşələr bir tərəfdə, düzənliklər bir tərəfdə. Çaylar, göllər və sair. Mədəni abidələrimiz. Gör, biz bu illər ərzində necə gözəl yerlərdən ayrı qalmışıq. Başda Ali Baş Komandan və şanlı ordumuz sayəsində mütləq bütün torpaqlarımız işğaldan azad olunacaq. Mən o yerləri gedib görəcəm. Şuşanı hamı kimi məndə görmək istəyirəm. Cıdır düzündə bir dəfə olmaq və orada nəfəs almaq ən böyük arzumdur. Bundan sonra deyəcəyəm, bütün arzularıma çatdım.

- Yeri gəlmişkən hazırda sizin keçmiş vəzifənizi Hikmət Hacıyev aparır. Bu barədə nə deyə bilərsiz?

- Mən bilmirəm, bu gün bunu deməyə ehtiyac var, ya yox. Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Hikmət Hacıyev bu gün çox böyük iş görür. Fədakarlıqla gecə-gündüz işləyir. Onunla bəzən danışıram. Həqiqətən də o fəallığı və bütün məsələlərlə bağlı izahatı ilə işinin öhdəsindən çox yaxşı gəlir. Bu gün Hikmət müəllim çox gözəl işlər görür. O, bütün dillərdə düzgün və səlis danışır. Onu çoxdan tanıyıram. Fəxr edirəm ki, məndən sonra belə adam vəzifəyə gəlib. Hikmət müəllim mürəkkəb situasiyada bu işləri yüksək səviyyədə görür və davam etdirir. Bunun üçün bilirsiniz əzm, iradə, potensial və ən əsası can sağlığı lazımdır. Mən ona uğurlar arzulayıram. Hesab edirəm ki, hazırkı proseslərdə o öz töhfəsini yüksək səviyyədə verir. Hər zaman çıxışlarını dinləyir və Allahdan onun yolunu hər zaman işıqlı etməsini diləyirəm.

Demokrat.az

D
demokrat.az