“Narazılıq dalğası yaratmaq istəyənlər fürsət gözləyir”

GÜNDƏM 06 avq 2020, 12:46

“Karantin qaydalarının yumşaldılması o demək deyil ki, sağlamlığımız gözardı edilməlidir. “Qılınc müsəlman” kimi gərək başımızın üstündə kimsə dayana ki, sən Allah özünü virusdan qoru? Axı hər kəs öz sağlamlığını düşünsə heç kim heç kimdən şikayətçi olmaz”.
 

Bunu Versus.Az-a karantin rejiminin yumşaldılması ətrafında gəzən söhbətlərə münasibət bildirən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

 

Könül İsmayılova çimərliklərə icazə verilməsindən, SMS-lə icazənin ləğvindən sonrakı vəziyyətdən narahat olduğunu bildirib. Qeyd edib ki, SMS-lə icazə ləğv edilən günün səhəri şəhərdə sıxlıq müşahidə edilib:

 

“Axı qadağanın yumşaldılması pandemiyanın bitməsi demək deyil. Lazım oldu-olmadı şəhərə çıxmaq bu qədərmi vacibdir? Heç olmasa ara məsafəni gözləyin, tibbi maskadan istifadə edin. Nəyə görə polis küçəbəküçə düzülüb insanlara bir-bir deməlidir ki, maskadan istifadə edin? Baxırsan avtobus sürücüsü də maskanı ya çənəsinin altında saxlayıb, ya güzgünün qarşısından asıb, ya da ümumiyyətlə maskası yoxdur. Özünüzə yazığınız gəlmir, yaxınlarınıza yazığınız gəlsin”.

 

Könül xanım onu da vurğuladı ki, insanlar qaydalara əməl etmirsə, gərək heç çimərlik qadağası da götürülməyəydi:

 

“Bugünlərdə sosial şəbəkədə belə bir paylaşıma rast gəldim, yazır ki, - “çimərliyə ara məsafə qorunmaq şərtilə 500 nəfərə icazə varsa, insanlar toy-nişan işlərini elə çimərlikdə, dənizin kənarında düzənləsinlər.” Adama hardasa haqq da verməli olursan. Elə xarici ölkələrdə də dəniz kənarında bu cür tədbirlər düzənlənir. Özünüz düşünün, əgər 150-200 nəfərlik toy-nişan məclisi dağıdılırsa, çimərlikdə 500 nəfərin eyni vaxtda olmasından narazılıq edilmiyəcəkmi? Hər bir halda təhlükə təhlükəliyində qalır”.

 

Xanım siyasətçi Əmək və Əhalinin Sosial Müdafiəsi rəhbərliyinin - “Bizim 26 mindən artıq vakant iş yerimiz var. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər” açıqlamasına da diqqət çəkib:

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi rəhbərliyi öncə vakant yerlərin siyahısını və veriləcək maaşı göstərməlidir. O necə işdir və maaşı nə qədərdir ki, vətəndaş imtina edir? Ağır zəhmətli işdirsə və qarşılığında aya 100-150 manat maaş veriləcəksə, təbii ki, adam daha rahatına, yəni 190 manata göz dikəcək”.

 

K.İsmayılovanın fikrincə, hər bir halda məmurlar çalışmalıdırlar ki, vətəndaşı dövlətdən, Prezidentdən narazı salmasınlar:

 

“Çünki sirr deyil ki, Milli Şuranın nümayəndələri, “5-ci kolon”un adamları ölkədə narazılıq dalğasının yaranmasında maraqlıdırlar. Biz Müasir Müsavat Partiyası olaraq - başda partiyamızın sədri Hafiz Hacıyev, onun müavinləri, rayon və şəhər təşkilat rəhbərləri – bu cür narazılıqların baş verməməsi, daxili düşmənlərimizin vəziyyətdən öz xeyirlərinə yararlanmaması üçün cidd-cəhdlə çalışırıq. Yerlərdə təbliğatımızı aparır, Presidentin siyasi kursunu davam etdiririk. Bilirik ki, narazılıq dalğasını yaratmaq istəyənlər fürsət gözləyir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top