Şəmkirdə ailə münaqişəsi: 54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirdi

KRİMİNAL 18 sentyabr 2025, 18:21
Şəmkir rayonunda 54 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun kəndlərindən birində baş verib. 1971-ci il təvəllüdlü Sadıq arvadı Ülviyyə (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. 

Qadın ərinin mütəmadi spirtli içki qəbul etməsinə irad bildirib. Əri isə qadının bu iradlarından qəzəblənib. O, arvadının sifətinə əl zərbələri vurub və müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Sadıqın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən zərərçəkmiş şəxs onun arvadıdır: “Zərərçəkmiş şəxs ilə 1992-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşam və birgə nikahımızdan üç övladımız var. Onunla əvvəllər aramızda normal münasibət olub. Daha sonra mütəmadi olaraq spirtli içki qəbul etdiyimə görə zərərçəkmiş şəxs ilə aramızda mübahisələr oldu. Buna görə də 2025-ci ilin yanvar ayında zərərçəkmiş şəxs birgə yaşadığımız evdən çıxaraq atası evinə getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə, hadisə günü, saat təxminən 11 radələrində yaşadığı evdə spirtli içki qəbul etdiyi zaman arvadı Ülviyyə birgə yaşadıqları evə gəlib: “Bundan sonra arvadımla aramızda sözlə mübahisələrimiz oldu. Mübahisəyə səbəb mənim spirtli içki içdiyimə görə irad bildirməsi olub. Mübahisə zamanı arvadıma əsəbləşərək əl zərbəsi ilə onun alın nahiyəsinə bir dəfə zərbə vurdum. Bu zaman o, yerə yıxıldı. Daha sonra isə arvadımın qolundan tutaraq dartdım. Bundan sonra isə zərərçəkmiş şəxs birgə yaşadığımız evdən  getdi”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkənin ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top