Sahibkar kuryeri döydü — TƏFƏRRÜAT

KRİMİNAL 15 sentyabr 2025, 13:53
Bakının Binəqədi rayonunda 31 yaşlı oğlan tanışına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elmar fərdi yaşayış evinin həyətində olan saxlanc otağında birlikdə işlədiyi M. Abdurrahmanovun ona məxsus “Toyota Prius” markalı avtomobilinin cərimə meydançasına yerləşdirilməsinə səbəb olmasını əsas gətirərək onun ünvanına nalayiq ifadələr işlədib. 

Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərəçəkmiş şəxslə onun iş birliyi olub: “Qadın çantalarının onlayn satışı ilə məşğul olduğum üçün elan yerləşdirərək kuryer vəzifəsinə işçi axtardım.

Zərəçəkmiş şəxs müraciət etdiyindən onu kuryer kimi işə götürdüm. Həmin hadisə baş verənə kimi aramızda heç bir münaqişə və söz-söhbət olmayıb. Təxminən 2 ay bir yerdə işləmişik. Hətta zərərçəkmiş şəxs işdən sonra mənə məxsus avtomobili idarə etməyi xahiş etdiyi üçün buna da icazə vermişəm. Həmin avtomobil ilə çantaların daşınması həyata keçirilib və buna görə də kuryer kimi işləməsi üçün M.Abdurrahmanova etibarnamə də vermişəm”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə olan ərəfədə atası açıq ürək əməliyyatı keçirib və əmisi rəhmətə gedib: “Zərərçəkmiş şəxs avtomobili nömrəsiz idarə etdiyindən avtomobil cərimə meydançasına yerləşdirilib, inzibati cəriməni də özüm ödəmişəm. Səhəri gün yenidən avtomobili nömrəsiz idarə etdiyi üçün yenə də avtomobili  cərimə meydançasına apardılar. Birinci dəfə avtomobilin qabaq nömrəsi düşərək itmişdi, həmin nömrəni özüm axtararaq tapmışdım. M.Abdurrahmanova nömrəni tapdığımı, gələrək götürməsini bildirsəm də, o gəlməyə pulunun olmadığını, onun üçün taksi çağırmağımı və ya nömrəni depoya qoymağımı dedi. M.Abdurrahmanovla razılaşaraq nömrəni depo kimi istifadə etdiyimiz yerə qoydum. Lakin səhər tezdən M.Abdurrahmanov yenidən  zəng edərək bildirdi ki, əvvəlki gün ona taksi çağırmadığı üçün avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən dövlət yol polisi onu yenidən saxlayıb. Zərərçəkmiş şəxs niyə belə məsuliyyətsizlik etməsi barədə irad bildirdi. Daha sonra zərərçəkmiş şəxs yaşadığım ünvana gəldi. Orda avtomobili ona etibar etdiyimi, buna məsuliyyətlə yanaşmalı olduğumu bildirdim. Abdurrahmanov məni günahkar çıxarmağa çalışdı. Etdiyi əməlin doğru olmadığını qəbul etdiyimi bildirdim və, bir dəqiqəlik emosional hərəkət edərək onunla əlbəyaxa oldum. Daha sonra isə onunla danışaraq söhbət etdikdən sonra onu yola saldım. O, da getdi”. 

Təqsirləndirilən şəxs deyib ki, M.Abdurrahmanov həmin müddətlərdə dişlərindən müalicə alıb: “Onun dişlərinə xəsarət yetirməmişəm. Həmin hadisə zamanı tək tərəfli hücum edən özüm olmamışam. Qarşılıqlı münaqişələrimiz olub. Bu zaman zərərçəkmiş şəxsin üzünün taxtaya dəyərək üzündə cızıq yarandı. Özümdə isə heç bir xəsarət olmayıb. Zərərçəkmiş şəxsə isı  zərər vermək kimi niyyətim olmayıb. Zərərçəkmiş şəxs avtomobili dövlət qeydiyyat  nişanı olmadan idarə etməsinə görə ümumilikdə 220 manat xərcim çıxıb”.

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmarın barəsində 1500 manat miqdarında cərimə cəzası təyin olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 14:07
Top