Günümüzün MOŞULARI...

SİYASƏT 04 avq 2020, 11:35

“Xoşbaxtlıq, xoşbaxtlıq” deyə ömrünü qafiyə axtarmaqla keçirən Moşu kimi bəzilərinin də ömrü lağlağı ilə keçir. Bəziləri deyəndə, söhbət ölkədə baş verən istənilən hadisəyə, yaxud istənilən qərara “qulp” qoyan, hər mövzunu lağlağıya çevirənlərdən gedir. Hazırda daraşıblar sosial şəbəkənin canına. Ölkədə bir şey tapmayanda dünyanın istənilən ölkəsində lağlağı etməyə bir şey tapırlar, çünki belələrinin ömrü, yaşayışı budur. Nə etmək olar, onlar da bununla xoşbəxt olurlar, Moşunun “xoşbaxtlığı” kimi...


Deyəcəksiniz ki, Moşu hara, onun “xoşbaxtlığı” hara, “Facebook” hara. Səbr edin, mövzu dərin deyil, lağlağıçı dayazların onsuz da dərin mövzularla işi olmaz.


Dünən qərar qəbul olundu ki, avqustun 5-dən etibarən sərt karantin rejimi ləğv olunur. Artıq evdən çıxmaq üçün SMS icazəsinə ehtiyac yoxdur. Bu qərarın qəbul olunmasının səbəbi ölkədə koronavirusdan sağalanların sayının yoluxanların sayını iki dəfə və daha çox üstələməsidir. Nəhayət, proses müsbətə doğru gedir və bu, iyunun 21-dən tətbiq olunan sərt karantin rejiminin nəticəsidir. 


Qərara görə, çimərliklər də açılır və sosial məsafəni gözləməklə artıq dəniz mövsümünün dadını çıxara bilərik. Doğrudur, bunun üçün bir aydan bir qədər çox vaxtımız var, amma şükür ki, bu yayı dənizsiz qalmadıq. İstəklərimiz nəzərə alınaraq çimərliklərə getməyə şərait yaradıldı. 


D vitaminin  insan immuniteti üçün nə qədər vacib olduğunu nəzərə alanda, bu xüsusilə əhəmiyyətlidir. Açıq havada istirahət etməyimiz üçün isə tam təhlükəsiz şərait yaradılıb. Bunun üçün “Cimerlik.az” saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib.  Lazım olan sadəcə gigiyenaya əməl etmək, sosial məsafəni gözləməkdir.

 


Belə bir saytın yaradılması ilk növbədə vətəndaşların təhlükəsiz və sağlam istirahətinin təmin edilməsinə yönəlib və dünya təcrübəsinə söykənir. Belə ki, “ASAN xidmət” pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrənib. Başqa ölkələrin pandemiya şəraitində çimərlik üzrə tətbiq etiyi qayda və şərtləri araşdırıb. Bu təcrübə artıq bir neçə ölkədə tətbiq edilir. Çimərlikləri olan ölkə kimi karantin müddətində bizim ölkədə də bunun olması müsbət haldır. 


Amma ömrü lağlağı ilə keçənlər, onlar da daxil olmaqla hər kəs üçün yaradılan bu şəraitə də “qulp” qoymaqla məşğuldur. Adama deyərlər, aylardır dəniz sözü dilinizdən, statusunuzdan düşmürdü. Sizi düşünərək təhlükəsiz şəraitdə istirahətinizi təmin etmək üçün çimərlikləri açırlar, indi də lağ edirsiz, ya da deyirsiz, çimərlikləri nə edirik? Gərək rayonlara gediş-gəliş açılardı. Görəsən rayonlara gediş-gəliş açılsaydı, nə deyərdiniz?


Sizi əmin edirəm ki, çimərlik yox, rayonlara gediş-gəliş açılsaydı, belələri, çimərlik deyə balağını başına çəkəcəkdi. Yaxud çimərliklə yanaşı, rayonlara gediş gəliş də bərpa olunsaydı, yenə “qulp” qoymağa nəsə tapacaqdılar. Misal üçün, deyəcəkdilər ki, niyə ölkələrarası gediş-gəliş açılmır. Ömrü boyu Ələti o tərəfə keçməyənlər Maldiv adalarına səyahətdən danışacaqdılar. Yəni məsələ nə çimərlik, nə rayonlara gediş-gəliş, nə də başqa bir şeydir. Məsələ “lağlağı ömrü” yaşamaqdır...


Lakin işin ciddiliyinə kölgə salmaq doğru deyil. Vətəndaşların çimərliklərə buraxılması üçün qısa zamanda hazırlıqlar aparılıb. Əslində ortaya böyük bir iş qoyulduğunu desək yanılmarıq. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib. Dövlət vətəndaşın təhlükəsiz istirahəti üçün lazım olan hər şeyi edib. Bunlarsa deyir ki, hava soyuqdu, külək əsir, su qızmayacaq. Hələ bir “arxı tullan, sonra bərəkallah” denən də. Bir get çimərliyə, ayaq barmağının birini suya sal, lap çeçələ barmağından da istifadə edə bilərsən, bir vəziyyətə bax, sonra danış da. Yoxsa klaviatura arxasında oturub durmadan danışır, şikayət edirlər. Madam ki, havadan şikayətlənirsiniz, o zaman təbiətə qulaq verin, #EvdəQalın.

 


Yox, qalmırsınızsa, o zaman yaradılan şəraitdən istifadə edin, ya da çəkilin kənara biz dənizin dadını çıxaraq. 


Bu, lağları ömrü yaşayanlar “Bəxt üzüyü” filmində Söylünün dediyi sözləri xatırladır. 


“Moşu, eqologiya budur”, deyirdi Söylü. İndi bunlara demək lazımdır ki, bu “eqalogiya” sayta görə pozulub, yəqin havalar soyumaq, günəş də batmaq üçün gözləyirmiş ki, “cimerlik.az” saytı açılsın. 

 


Havanın soyuması da, günəşin batması da ekologiya probleminə görədir, “eqalogiyaya” görə deyil. “Google”də axtarmaq yetərlidir ki, qlobal istiləşmənin və onun fəsadlarının nə olduğunu biləsən. Mövsüm adına uyğun keçmirsə, bunun günahı nə saytdadır, nə də bir başqa məsələdə. Ekalogiyadan şikayətlənincə, plastik israfını azalsaq, təibəti qorusaq, belə olmaz, dəniz də bizdən üz döndərməz. 


Ümid yalnız avqustdadır, ən isti ay yəqin insafa gələr, dənizin suyunu qızdırar, sizlər də üşüməzsiniz. Yox, əgər avqust da Operativ Qərargahın çimərliklərin açılması ilə bağlı qərarını eşidibsə, vay onda sizin halınıza... Lağlağını elə yox, belə edərlər. 


Lakin lağlağ edincə, qaydalara əməl etsək, həyatımız daha asan olar. Bu gün ilk olaraq çimərliklər açıldı, növbəti mərhələlərdə  müxtəlif yumşalmalar da ola bilər. Əslində biz nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıdış daha sürətli olar. Yoluxma və aktiv xəstə sayı azalar, belə olan halda isə bir çox qadağalar aradan qalxar. Qısacası, çimərlik ilk addımdır, növbəti addımlar özümüzdən asılıdır. 


Lağlağı ömrü yaşamayın, bir az ciddi olun...

 

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top