“Ermənistan ordusunun iyulun 12-dən etibarən mövqelərimizə hücumunun qarşısı qətiyyələ alındı və Milli Ordumuz düşmənə heç vaxtunutmayacağı dərsi verdi...”.
Demokrat.az xəbər verir ki, bu fikirləri “Ana Vətən” Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimovdan elə cəbhədə eşitdik.
O dedi: Neçə gündür ki, bir qrup media və ictimaiyyət nümayəndələri ilə Tovuz və Qazax bölgəsindəyik. Qəhrəmancasına vuruşan şəhid hərbçilərimizin olmasına çox üzülürük. Həm Tovuzun Cəlilli, həm də Qazaxın Salahlı kəndində şəhidlərimizin dəfnində və yas mərasimlərində iştirak etdik. Onların qanı yerdə qalmadı, qisasları alındı. Azərbaycan Ordusunun cavab hücumu, həqiqətən, sarsıdıcı idi. Biz bütün prosesləri izləyirdik və əsgərlərimizə mənəvi dəstək üçün ordaydıq. Bütün Tovuz ayaqüstə idi. Tovuzun Ağdam kəndi mülki insanlarla dolu idi. Hər kəs savaşa qatılmağa hazır olduğunu bəyan edirdi. Mağazalarda əskərlərdə demək olar ki, pul alınmırdı. Yəni, millətimiz öz ordusuna hərtərəfli dayaq durmağa çalışırdı. Bu isə bizi qürurlandırır, fərəhləndirirdi.
A.Abdulkərimov bildirdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü birmənalı şəkildə beynəlxalq təşkilatlar tərəfindən qınanılmalıdır.
ATƏT-in Minsk Qrupu yenə də öz fəaliyyətsizliyi ilə diqqət çəkir. Ermənistana qarşı təzyiqlər səngiməməlidir. Əminəm ki, Ermənistanın bu təxribatı N. Paşinyan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində baş qaldıran narazılıqları azaltmaq, erməni cəmiyyətini saxta vətənpərvər şüarlarla aldatmaq məqsədini güdür. Lakin bu dəfə onun bu cəhdlərini Azərbaycan Ordusu puç etdi. Azərbaycan Prezidenti də bəyan etdi ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və heç vaxt işğal edilmiş torpaqlarının düşmən əlində qalması illə barışmayacaq.(“Xalq qəzeti”)


