15 iyul tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Azərbaycan müharibə ərəfəsində” mövzusunda onlayn konfrans keçirilib.
Demokrat.az xəbər verir ki, konfransda politoloqlar, alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransın gedişində 12 iyul tarixindən etibarən erməni qoşunları tərəfindən ölkəmizin ərazi bütövlüyünə edilən qəsd, milli ordumuzun düşmənə endirdiyi zərbələrin əhəmiyyəti, eləcə də ölkəmizdə yaranan ictimai-siyasi şərait təhlil olunmuş, xalqımızın birmənalı şəkildə milli ordumuza həmrəylik nümayiş etdirməsi xüsusi qeyd olunub.
Eyni zamanda xalqımızın möhtəşəm dəstək aksiyasına kölgə salmaq məqsədilə təxribat törətmək cəhdi qətiyyətlə pislənib, səbəbləri ətrafında müzakirələr aparılıb.
Müzakirələrin yekununda qərara gəlinib ki, gələcəkdə də yarana biləcək təxribat cəhdlərinin qarşısını almaq, ictimaiyyətin və xalqın könüllü təşəbbüskarlığını milli ordumuzun dəstəklənməsi və təbliği, millət-dövlət vəhdədinin təmin edilməsi sahəsinə yönəltmək məqsədilə siyasi mənsubiyyəti olmayan tanınmış ziyalılardan, nüfuzlu ictimaiyyət nümayəndələrindən, Milli Azadlıq Hərəkatı iştirakçılarından və Qarabağ qazilərindən ibarət “Orduya Dəstək Komitəsi” yaradılması məqsədəuyğun hesab edilsin və bununla əlaqədar cəmiyyətlə məsləhətləşmələr aparılsın.


