Maksim Musayev Ramiz Mehdiyevi canlı debata çağırdı: "Cüzi də olsa, cəsarət..."

SİYASƏT 08 iyl 2020, 20:42

Məlum olduğu kimi, son günlər mediada  Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan Ramiz Mehdiyevin ünvanına bir sıra itihamlar səsləndirilməkdədir.

 

Akademik Ramiz Mehdiyev özü mətbuata açıqlamasında bu cür ittihamları təkzib edərək onları uydurma və böhtan adlandırıb:

 

“Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir. Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir”.

 

Moderator.az xəbər verir ki, PA-nın keçmiş rəhbəri haqda ən kəskin ittihamların müəlliflərindən olan, hələ 1970-1980-ci illərdə Ramiz Mehdiyevlə birgə Azərbaycanın mərkəzi komsomol və partiya orqanlarında çalışmış tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev keçmiş həmkarına ünvanladığı və onu canlı debata dəvət etdiyi açıq məktubu təqdim edib.

 

Aktuallığını nəzərə alıb həmin materialı dəyərli oxucuların müzakirəsinə buraxırıq:

 

“KEÇMİŞ KOMSOMOL HƏMKARIM RAMİZ MEHDİYEVƏ ŞANLI MƏKTUB…

 

Ramiz, xalq, cəmiyyət tərəfindən sənə qarşı yönələn haqlı ittihamları guya təkzib edən savadsızcasına tərtib etdiyin “bəyannamə”nlə tanış oldum. Orada səni tənqid edənlər barədə məkrli uydurmalarını mənə  də ünvanlayırsan…

 

Əvvəla, fikrimi söyləmək mənim konstitusyon hüququmdur…

 

Sənin əməllərini açdıqca cızdağın çıxır. Sən çox evlər yıxıb, ürəklər dağlamısan. Böyük günahlar sahibisən…

 

“Sən  hakimiyyətin özünün yox, onun ləzzətinin nə olduğunu bilirsən…”

 

Keçək sənin  “bəyannamə”nə.

 

Birincisi, işdən çıxarılanlar, hakimiyyətdən uzaqlaşdırılanları qınayırsan. Heç sən özün hakimiyyət nə olduğunu bilirsənmi? Bu, Prezident Administrasiyası, Nazirlər Kabineti, nazirliklər,  komitələr və s. deməkdir. Mən isə 1992-ci ildən bu günədək bir vəzifə belə tutmamışam və xoşbəxtəm ki, belə də olub. Təklif olunan vəzifələrdən də vaxtında imtina etmişəm. Yoxsa sənin sayəndə  indi mən də həbsxanada çürüyürdüm. Sən isə hakimiyyətin özünün yox, onun ləzzətinin nə olduğunu bilirsən. Odur ki, xahiş edirəm, hakimiyyətdən bir daha danışma…

 

İkincisi, bəyan edirsən ki, hakimiyyətə  çatmaq arzusunda olanlar səni tənqid edirlər. Bunu da mənə ünvanlayırsan. Ay binəva, hakimiyyət institutuna qarşı elə bir nifrət yaratmısan ki, bu sözü eşidənlərin ürəyi bulanır…

 

“Sənin kimi, xaniman, cah-cəlal sevən deyiləm. Çünki sən sonradan görənlərdənsən…”

 

Sənin ölçü vahidin hakimiyyətdir… 25 ildir ki, təqaüdə çıxmalıydın, yapışmısan kabinetdən, kürsüdən və heç cür qopa bilmirsən onlardan, ay binəva…

 

Qaldı ki, istək məsələsinə, 1993-cü ildən bu günə qədər nə orden, nə mənzil almışam və heç onların heç birini istəməmişəm də… Orden verilsəydi belə, ondan imtina edərdim. Çünki və ona görə ki, Qarabağ kimi cənnət torpağını itirən və onu azad edə bilməyən bizim nəslin sinəsində orden gəzdirməyə mənəvi haqqı yoxdur. Bizə sinəmizdə orden gəzdirmək haramdır. Bizim qeyrətimiz olmalıdır ki, sinəmizdə orden gəzdirək. Ölkədəki ən böyük ordenpərəst də sənsən, ay komsomol həmkarım…

 

Mənzil məsələsinə gəldikdə,  ikiotaqlı mənzildə 5 nəfərlə yaşamaq mənim üçün kifayətdir və olduqca xoşdur. Nəvələrim mənə enerji verirlər. Sənin kimi, xaniman, cah-cəlal sevən deyiləm. Çünki sən sonradan görənlərdənsən…

 

Sənin Azərbaycanın müxtəlif şəhər və bölgələrində  tikdirdiyin neçə villan vardır ki,  bu günə qədər onların içərisində bir gecə belə, yaşamamısan, yatmamısan. Çünki bunlar rüşvət və korrupsiya ilə, sinsidə-sinsidə xalqdan qarət edilən pullar hesabına tikilibdir…

 

Belə villalarından bir neçəsini sadalaya bilərəm. Məsələn, Xızı rayonunda yerləşən Qızıl Qazmadakı villan, Badamdardakı hasarları on metrdən çox olanlar, Novxanıdakı ağ mərmərdən tikdirdiyin malikanə, eləcə də yaxınlıqdakı digərləri və s. Hələ Bakının özündəki evlərini və mənzillərini sadalamıram…

 

Məni də şərləyirsən, deyirsən, guya  nəsə istəyirəm. Şər-şəbədə fəlsəfəni, ay komsomol, indiyədək tərgidə bilməmisən. Bax, bu, sənin ən mənfi cəhətlərindən biridir…

 

Ramiz, ay mənim komsomol həmkarım, heç olmasa, sus, danışma, unudul, yaddan çıx…

 

Yazırsan ki, guya səni tənqid etməkdə mənim hansısa niyyətim var. Əlbəttə, var, özü də çox genişdir. Bunlardan ən böyüyü səninlə canlı yayımda debata çıxmaqdır. Heyif ki, Allah sənə cüzi də olsa, cəsarət verməyib. Bu cəsarəti Allahdan sənin üçün diləyirəm ki, görüşək və teleekranda, milyonların, xalqın gözü qarşısında sənə yönələn ittihamların haqlılığını çox asanlıqla sübuta yetirəm…

 

Sənə çox böyük hörmət bəsləyən keçmiş komsomol həmkarın Maksim Musayev”.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top