Kriminal

Korrupsiyada ittiham olunan vəzifəli şəxslərin həbs müddəti artırıldı

Korrupsiyada ittiham olunan vəzifəli şəxslərin həbs müddəti artırıldı

Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və kollecin direktor müavini İlqar Dursunovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda Xaləddin Ələkbərovun barəsində seçilmiş həbs qıtimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını verdiyi təqdimat təmin olunub.

Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər artırılıb.

Bundan başqa, sözügedən məhkəmənin hakimi Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda İlqar Dursunovun barəsində verilən təqdimat təmin olunub və onun barəsində seçilmiş həbs qətimklan tədbirinin müddəti 3 aya qədər artırılıb.

Qeyd edək ki, bundan əvvəl hər iki şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılıb, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınmış müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanmış ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulub.

Hər iki şəxsin barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az