Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənı dövlətimizin davamlı siyasəti kimi qəbul etmək lazımdır və bu mübarizə uzun illərdir ki, aparılır.
Demokrat.az xəbər verir ki, bunu saytımıza müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
"Ölkəmizdə bununla bağlı institutsional mexanizmlər yaradılmışdır, dövlətin bu sahədə qəti siyasi iradəsi mövcuddur. Sadəcə, ölkəmizdə keçən ildən başlamış dərin və geniş miqyaslı islahatlar korrupsiyaya qarşı mübarizənin daha ardıcıl, daha sürətli və mütəşəkkil aparılmasını zəruri edir. Məhz bugünkü korrupsiya və rüşvətxorluğa qarşı mübarizə də ölkəmizdə uğurla həyata keçirilən islahatlara problem yaradan, özlərini toxunulmaz hesab edən bir qrup yüksək vəzifəli insanlar arasında həyata keçirilir.
Bildiyimiz kimi, dövlət başçısının dövlət idarətmə prinsipləri bir tərəfdən xalqın, həqiqi mənada, xidmətçi olmaqdırsa, digər tərəfdən şəffaf və təmiz işləmək, dövlət malına göz dikməmək və ona müqəddəs baxmaq, sadə vətəndaşların haqqını tapdalamamaq, süründürməçilik hallarına yol verməməkdir. Möhtərəm Prezidentimiz bu fikirləri, demək olar ki, keçirdiyi bütün görüşlərdə və müşavirələrdə səsləndirir. Hətta dövlət başçısı ictimaiyyəti də dövlətçiliyimiz üçün ciddi təhlükə olan bu neqativ hallara qarşı mübarizəyə çağırır. Çox təəssüf ki, reallıq hissini itirmiş bir qrup, yerli və mərkəzi icra strukturlarında yüksək vəzifə tutan insanlar bundan nəinki nəticə çıxardılar, hətta sadə vətandaşların alın təri ilə qazandığı maaşlarından faydalanmağı da özlərinə şərəf bildilər. İş o yerə çatmışdır ki, onlar bu çirkli əməllərini ölkə başçısından gizlətmək üçün bəzi hallərda "yuxarılarda" olan havadarları ilə işbirliyi yaratmaqla da uzun müddət qorumağa çalışmışlar. Bu səbəbdən də kütləvi narazılığın olduğu bəzi rayonlarda vətədaşların şikayətləri nəinki cavabsız qalırdı, ya da əsasız hesab olunurdu, hətta möhtərəm Prezidentimizə və birinci vitse-prezidentimizə ünvanlanan müraciətlər onlara çatdırılmırdı. Bəzi məmurlər, ümumiyyətlə, özlərini bir növ kiçik padşah kimi aparırdılar. Möhtərəm Prezidentimizin hər yeni təyinat zamanı görüşdüyü kadrlara olan tapşırıqları hər kəs xatırlayır. Çox təəssüf ki, bu gün həbs olunmuş bu məmurlar bunu ya anlaya bilmirdilər, ya da yumşaq desək, taladıqları sərvətlərin onları qoruyacaqlarına ümid edirlərmiş.
Güman edirəm ki, yüksək vəzifədə "burda mənəm, Bağdadda kor xəlifə" düşüncəsində olan məmurlar hələ də az deyil və ümidvaram ki, dövlətimizin həyata keçirdiyi kompleks islahatlar mərhələsində bu cür məmurlar tam təmizlənəcəkdir.
Mərkəzi icra orqanlarında əgər korrupsiya və rüşvətxorluq halları, həqiqətən də, uzun illər və davamlı baş veribsə və bundan da birinci şəxsin xəbəri olmayıbsa, bu yolverilməzdir və hesab edirəm ki, bunu ancaq cinayətə göz yummaq adlandırmaq olar. Amma yenə də demək istərdim ki, son sözü istintaq deyəcəkdir, tələsik rəy bildirmək doğru deyil. İnanıram ki, aparılan bütün əməliyyatların təməlində ədalət olacaqdır.
Təəssüf ki, vəzifə bəzi insanların psixologiyasına çox pis təsir edir və bu isə onların düz yoldan çıxmasına səbəb olur. Belələri başa düşmür ki, vəzifə xidmət üçün vasitədir.
Heç bir imtiyaz yüksək vəzifə tutan məmurlara törətdikləri cinayət əməli qarşısında toxunulmazlıq verə bilməz. İstər YAP üzvü olsun, istər bitərəf, istər müxalifət və ya dövlət təltifli biri, hər kəs qanun qarşısında bərabərdir və ona hesab verməlidir. Möhtərəm Prezidentimiz əbəs yerə səsləndirmir ki, heç kəs düşünməsin ki, onun əvvəlki xidmətləri törətdiyi cinayətə bəraət verə bilər. Bu, qətiyyən belə ola bilməz.
O bildirib ki, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə hallar var. Mən çox örnək və misallar gətirmək istəmirəm. Bir az yumorlu olsun deyə bir hadisəni xatırladım. Son vaxtlar bütün dünyanın koronavirusla mübarizə apardığı dövrdə Çindən Avropaya konkret ölkələrə göndərilmiş milyonlarla dollarlıq tibb materialları və ləvazimat elə Avropanın digər ölkələrinin yüksək səviyyəli təşkilatları tərəfindən oğurlanmışdır. Korrupsiyaya qarşı mübarizədə əsas məsələ dövlətin institutsional mexanizmlərinin və siyasi iradənin olmasıdır ki, o da bizim ölkədə yüksək səviyyədədir. Bu ölkə ictimaiyyəti tərəfindən də dəstəklənir və təqdir olurur.
Fürsətdən istifadə edib demək istərdim ki, bu mübarizədə ictimaiyyətin, vətəndaş cəmiyyəti qurucularının, mətbuatın da məsuliyyəti böyükdür. Çox təəssüf ki, cəmiyyətdə hələ də ictimai qınaq, ictimai nəzarət yetəincə deyil, bəzi hallarda ziyalıların bu məsələdə biganə münasibətləri hələ də hiss edilir. Onların bu məsələdə daha fəal olması çox fayda verə bilər. Sözsüz ki, cəmiyyətdə xərçəng xəstəliyi kimi hökm sürən bu problemə qarşı mübarizədə parlamentin, daha doğrusu millət vəkillərinin rolu və vəzifə məsuliyyətləri daha çoxdur. Hesab edirəm ki, 6-cı çağırış Milli Məclisində təmsil olunan millət vəkilləri bu problemə qarşı daha barışmaz mövqe sərgiləyəcəklər".(Günün Səsi)


