9 May Qələbə Günü münasibətilə Bakıda qeyri-adi təbrik düzənlənib.
Demokrat.az-ın xəbərinə görə, Yasamal rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranı Mehdi Mehdiyevi Sovet əsgərlərinin hərbi geyimində olan orkestr qrupu milli marşın sədaları altında orijinal şəkildə təbrik ediblər.
Baş verənləri yaşadığı mənzilin eyvanından izləyən veterana daha sonratəbrik sözləriməruzə ilə çatdırılıb.
M.Mehdiyevi faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Heydər Əliyev Fondu, Daxili İşlər Nazirliyi, İcra Hakimiyyəti, Hərbi komissarlıq və digər aidiyyatı qurumlar təbrik edib.
Qeyd edək ki, qəhrəmanımız müharibədən sonra uzun müddət daxili işlər orqanlarında xidmət edib və polkovnik rütbəsinə kimi yüksəlib. M.Mehdiyev, hüquq elmləri doktoru, professordur, həmçinin Bakı Dövlət Universitetinin dosenti olub.
Azərbaycan xalqının fəxr etdiyi veteran Mehdiyev Mehdi Səməd oğlu 1924-cü ildə Qazaxın Qırax-Kəsəmən kəndində anadan olub. O, 1942-1945-ci illərdə alman faşizminə qarşı müharibədə fəal iştirakı ilə seçilib. Müharibə zamanı 3 dəfə yaralansa da, həkimlər onun həyatını xilas edə bilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına, o cümlədən Mehdi Mehdiyevə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
Zaur Zahidoğlu


