Gündəm

"Bəzi məmurlar Prezidentin islahatlarına kölgə salmaq üçün sıraya düzülüblər" — Partiya sədri

Bəzi məmurlar Prezidentin islahatlarına kölgə salmaq üçün sıraya düzülüblər — Partiya sədri

"Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər ciddi cəzalandırılmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Hafiz Hacıyev deyib ki, əgər Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı ondan əvvəl həbs olunan Ağstafa, Yevlax vəNeftçala rayon İcra Hakimiyyətləri başçılarının əməllərindən nəticə çıxarsaydı, o zaman bu gün tutulmazdı:

"O vaxtı Ağsatafanın icra başçısı tutulanda, düşündüm ki, yəqin bu, digər icra başçılarına dərs olacaq. Çox təəssüf ki, bu baş vermədi. Əksinə, həbslərdən sonra icra başçıları daha da qudurdular. Bu dəfə onlar gizli şəkildə rüşvət və korrupsiya ilə məşğul olmağa başladılar. Bütün bunlar isə Prezident İlham Əliyevin apardığı ciddi islahatlara kölgə salmaq cəhdləri idi. Sanki həmin məmurlar bu gün Prezident İlham Əliyevin islahatlarına kölgə salmaq üçün sıraya düzülüblər. Cənab Prezident bu adamlara dəfələrlə tapşırıqlar verir ki, harınlamayın, gedin xalqın xidmətçisi olun. Ancaq bu məmurlar başqa yol tutublar, öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Həbs olunanda da çıxıb kamera qarşısında ağlayırlar ki, səhv etmişik. Necə yani, səhv etmisən? Sən öz korrupsioner əməllərinlə ölkənin imicinə böyük zərbə vburmusan. Həmin məmurlar çox mənəviyyatsız hərəkətlər edirlər. Düşünürəm ki, onlara qarşı daha amansız tədbirlər görülməlidir, daha sərt cəzalar verilməlidir".

Partiya sədri qeyd edib ki, bu yaxınlarda DTX tərəfindən keçirlən əməliyyat zamanı tutulan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı uzun illərdən bəri rüşvət və korrupsiya ilə məşğul olub:

"Mahir Quliyev Biləsuvardan əvvəl Astarada idi və orada böyük qələtlər edib. Onu himayə edən şəxs də həbs olunmalıdır".

H.Hacıyev deyib ki, artıq ölkə Prezidenti tərəfindən Azərbaycanın yeni Baş prokuroru təyin olunub:

"Yeni Baş prokuror Kamran Əliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən gətirildi. Əslində, bu, ölkə başçısı tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür".

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mahir Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Biləsuvarın icra başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq bir hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla, ümumilikdə, təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyənləşib.

Bu məqsədlə aprelin 29-da DTX Biləsuvar rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az