"Hər kəs öz əməlinə görə cəzalandırılmalıdır" — Şeyx Əbdüllə MÜSAHİBƏ

MÜSAHİBƏ 13 apr 2020, 13:20

Son günlər media sahəsindəki kadr dəyişiklikləri cəmiyyətin diqqətini özünə yönəldib. Bir çoxunun, xüsusən də media mütəxəssislərinin labüd hesab etdiyi bu addım belə demək mümkünsə, sözügedən sahədə islahat və yeniliklərə gözləntiləri artırıb.


Artıq illərdir mətbuat və televiziya sahəsində hökm sürən xaosun, baş alıb gedən səriştəsizliyin aradan qaldırılmasının vacibliyi vurğulanmaqdadır. Sadalanan neqativlərə kimlərin ucbatından yol verildiyi heç kimə sirr olmasa da, indi bu sahənin peşəkarları, ziyalılar və ictimai xadimlər yeni kadrların köhnə stereotipləri tam aradan qaldırmalı olduqlarını bildirirlər.


Saytmıza müsahibəsində əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudovla bu və digər məsələlər barədə ətraflı danışdıq. Beləliklə…


– Əbdül müəllim, siz bir ictimai xadim kimi medianın durumu barədə dəfələrlə tənqidi fikirlər səsləndirmiş, xüsusən də televiziyaları bərbad vəziyyətə salan şəxslərin cəzalandırılmasını dilə gətirmisiniz. Sizcə, media sahəsində son günlər baş verən dəyişikliklər nəyisə dəyişəcəkmi?


– Mən həmişə demişəm ki, o şey ki millətin ideologiyası, mənəviyyatı, əxlaqı, dəyərləri ilə bağlıdır, burada biz amansız olmalıyıq. Bəli, hər kəs öz əməlinə görə cəzalandırılmalıdır. Yəni dünəninə görə sağ ol, görüm bu gün nə təklif edirsən və sabah nə edəcəksən?! Yanaşma bu cür olmalıdır və hər kəsə xidmətinə, fəaliyyətinə, işinə görə dəyər verilməlidir, həmçinin etibar olunmalıdır.


Bilirsiniz ki, mən media sahəsindəki boşluqları həmişə tənqid eləmişəm. İndi gedənin dalınca danışmaq istəmirəm. Ancaq onu deyirəm ki, o vaxt onlar mənim tənqidlərimdən bezmişdilər, hər dəfə mənə ismarıc göndərirdilər. Mən deyirdim ki, axı Milli Televiziya və Radio Şurası ola-ola nə üçün televiziyalar məcbur olub özlərinin şuralarını yaradırlar? Və əgər yaradırlarsa, onda sən nəyə lazımsan? Demək, sən yoxsan da, sənə etibar, inam yoxdur. Çünki sən dövlətə, xalqa, milli-mənəvi dəyərlərə xidmət eləmirsən, sən konkret olaraq filankəslərin tapşırıqlarını yerinə yetirirsən. Bunun başqa adı yoxdur.


Mən həmişə demişəm ki, televiziyaların rəhbərləri tam səlahiyyətli insanlardır. Ona görə də onlara arxadan telefonla göstəriş vermək lazım deyil. Yəni əgər sən bu adama inanıb etimad göstərirsənsə, imkan verməlisən ki, özünün peşəkar insanlardan formalaşdırdığı komandası ilə işləsin. Yoxsa ki, mən dəfələrlə efirlərə zəng edib irad bildirəndə deyiblər ki, bizlik deyil, filankəs tapşırıb ki, bunu buraxın efirə. Belə olmaz. Bu, qəti yolverilməzdir. Axı biz nə vaxta qədər şəxsi maraqlara xidmət edəcəyik? Nə vaxta qədər sifarişlə, tapşırıqla üzləşəcəyik?


– Əbdül müəllim, mediada sizi konkret olaraq hansı problem və çatışmazlıqlar narahat edir ki, məsələyə belə radikal yanaşırsınız?


– Mən xüsusən televiziyalar barədə ciddi iradlar bildirmişəm. Çünki televiziya xalqın gündəlik aynasıdır. Hər insan yuxudan duranda güzgüdə özünə baxdığı, evdən çıxanda üst-başında səliqə-səhman yaratdığı kimi, televiziyalarda da hər şey yerli-yerində olmalıdır. Amma təəssüf ki, bizdə bu, belə deyil. Kanallar çox eybəcər vəziyyətdədir. Orada əndrəbadi, saqqallı, sırğalı, hörüklü, “nakolkalı” adamlara daha çox rast gəlmək olur. Baxırsan ki, aparıcı deyilən şəxs kreslonu qoyub, onun dəstəyində oturur. Və yaxud da dirsəklənir, yayxanır. Çıxıb veriliş aparırlar, ayağını ayağının üstünə elə aşırır ki, alt tuman-köynəyinə qədər hər şeyi göstərir. Və yaxud da ki, sinəsini sıxıb özünü gözə soxur. Hər dəfə bir paltarda çıxıb – bir dəfə aşağısı açıq, bir dəfə yuxarısı açıq – ora-buralarını göstərirlər.


Verdikəri sualların da mübtədası, xəbəri bəlli olmur. Nitq, intonasiya, tələffüz mədəniyyəti də sıfır səviyyəsindədir.


Üstəlik, televiziyalara çıxarılan oxuyanların da çoxunun səsi yoxdur. Məsələn, ötən dəfə səhər-səhər kanalların birində üç qız və bir oğlan mahnı oxumaq üçün efirə buraxılmışdı. Onlar çox biabırçı vəziyyətdə ingilis və fransızca oxuyurdular. Belə musiqi kimə lazımdır? Mən əgər əcnəbi musiqiyə qulaq asanamsa, bunu elə onların öz ifasında dinləyərəm. Bununla bağlı həmin televiziyaya zəng etdim və onlar sonradan o nömrələri efirdən çıxardılar.


İş orasındadır ki, bu gün Azərbaycanda səsi, savadı olmayanların çoxu müğənnilik edir. Həm də musiqidə bir aranjiman təhlükəsi də var. İstədikləri mahnını guya aranjiman etməklə bərbad hala salırlar. Onları başa salmaq lazımdır ki, nə edirsinizsə edin, klassik musiqilərimizə toxunmayın. Mən o vaxt televiziya və radiolarla danışmışdım ki, efirdə mahnılar canlı ifa olunsun. Çünki canlı oxusalar, bunların 50 faizi aradan çıxacaq. Və ən nəhayət, mahnıların sözünə, avazına, ifaçılarına ciddi fikir vermək lazımdır. Komissiya yaradıb ən azından ayda bir dəfə oxuyanları televiziyaya çağırmaq və onların savadını yoxlamaq lazımdır.


– Necə düşünürsünüz, son kadr dəyişiklikləri bu sahədə ciddi yeniliklərə təkan olacaqmı? Təklifləriniz nədir?


– İlk öncə qeyd edim ki, Milli Teleradio Şurasında ciddi kadr dəyişiklikəri aparılmalı, bütün heyət dəyişilməlidir. Ora heç bir təmənna, şəxsi maraq, tayfa, qohum-əqrəba marağı güdən adamlar buraxılmamalıdır. Çünki o kadrların əksəriyyəti köhnədən qalma bir “kruq”dur, bir-birinin əlinə oynayan adamlardır. Bunlar hamısı dəyişilməlidir və ciddi nəzarət olmalıdır. Nəzarətin də bir “punkt”u olmalıdır – cəza. Özü də açı cəza. Baxın, cinyət edənləri tutub aparırlar. Axı mənəvi cinayət də var. İdeoloji cinayətlər də var. Axı bizim soyumuzu, kökümüzü, əxlaqımızı, həyat tərzimizi pis günə qoyanlar niyə cəzasız qalmalıdır? O şey ki, kütləvi şəkildə millətin əxlaqına toxunur, ona qarşı kəskin olmaq lazımdır. Bu işlərə nəfsi, əl-ayağı təmiz olan rəhbərlər təyin olunmalıdır. Hər şey müzakirə yolu ilə və ictimai rəy nəzərə alınmaqla olmalıdır.


Ayda bir dəfə istimai sorğu keçirilməlidir, ictimai qınaq bərpa olunmalıdır. Verilişlərə, aparıcılara, musiqiçilərə, müğənnilərə qarşı ictimai qınaq bərpa olunmalıdır. Yəni hər kəs öz rəfiqəsini, sevgilsini, baldızını gətirib televiziyalara doldurmamalıdır. Ekrana çıxan hər kəsin geyim-keçiminə, estetikaya yüksək nəzarət olmalıdır. Əsas da milli-mənəvi dəyərlər, xalqın mentaliteti qorunmalıdır. Cənab Prezidentin də dediyi kimi Avropa dəyələrindən çox özümüzün milli-mənəvi dəyərlərimiz qorunmalı və təbliğ olunmalıdır.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top