Azərbaycanda dələduzluqda ittiham olunan iş adamı Rasım Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, ibtidai istintaq orqanı tərəfindən Rasim Alışov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib.
İstintaq orqanın gəldiyi nəticəyə görə, Rasim Alışov 7 oktyabr 2016-cı il tarixdə tanışı, Yardımlı rayonun Mişkireyn kənd sakini Aydın Ağayevin etibarından sui-istifadə edib. O, Aydın Ağayevin təsisçisi olduğu “İS AR Trade” MMC-nin aparıcı direktoru işləyərkən həmin MMC-yə su və mürəbbə istehsalı üçün sexlər qurmaqdan ötrü avadanlıqlar alacağını vəd edib.
Rasım Alışov Yardımlı rayonun ərazisində yerləşən “Şəlalə” turizm istirahət mərkəzində Aydın Ağayevin 50.000ABŞ dolları məbləğində, yəni 80.180 manat pulunu ələ keçirib.
“İstixana açmaq istədik”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasım Alışov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O, bildirib ki, Aydın Ağayevi iyirmi beş ildir tanıyır, aralarında yaxın dostluq və eyni zamanda biznes münasibəti olub: “Hələ 2016-cı ildə Aydın Ağayev oğlu İkram Ağayevlə birlikdə pomidor istixanası qurub, birlikdə işlətməyi ona təklif etmişəm. O, da bu təklifimlə razılaşmışdı. Daha sonra bu təklifi müzakirə etmək üçün İkram Ağayevlə görüşdüm və razılaşdıq ki, istixana açmaq üçün torpaq yeri müəyyənləşdirsinlər. Bundan sonra İkram Ağayev mənə ünvanlar verdi. Həmin ünvanda olan torpaqlara baxdım. Lakin həmin torpaq sahələrinin qiymətləri baha olduğu istixana açmaq üçün hər hansı bir razılığa gələ bilmədik”.
“Razılaşdıq ki, İrandan quru meyvə alıb İsarilə göndərək”
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra 2016-cı ilin təxminən iyun-iyul aylarında Bakı şəhərinə gəlib və tanışı olan İsrail vətəndaşı Ramil Bəşirzadə ilə görüşüb: “Görüşdə Ramil Bəşirzadə mənə təklif etdi ki, onun iştirakı ilə İsrail ilə ticarət əlaqələri quraq. Elə həmin vaxtlarda Bakı şəhərində Ramil Bəşirzadə və İkram Ağayev birlikdə bu məsələni müzakirə etdik. Razılaşdıq ki, Azərbaycandan mürəbbə və İrandan isə quru meyvələri (albuxara) alıb, İsrailə Ramil Bəşirzadəyə göndərək. Ramil Bəşirzadə də həmin məhsulları orada satışını təşkil etsin. Həmin malların alınması və İsrailə çatdırılması xərclərini İkram Ağayev ödəyəcəyi barədə Ramil Bəşirzadə ilə razılaşdı. Ramil Bəşirzadə də İsraildə həmin məhsulları qəbul edib və satdıqdan sonra əldə olunmuş pulu İkrama göndərəcəyi barədə razılaşdı. Razılaşmaya əsasən əldə olunan qazancın 30 faizi Ramil Bəşirzadəyə, qalan hissəsi isə İkram Ağayevə çatmalıymış”.
“Mürəbbə almaq üçün pulu götürməyimi söylədi”
Rasim Alışovun sözlərinə görə, İkram Ağayev ilə Ramil Bəşirzadənin aralarında olan bu razılaşmalardan Aydın Ağayevin məlumatı olub. O, bildirib ki, 2016-cı ilin avqust ayının sonlarında Ramil Bəşirzadə tanışı Vaqif adlı şəxsin vasitəsi ilə Balakən rayonunda yerləşən “Balakən MMC”-nin (“Balacans” MMC-nin) rəhbərliyi ilə danışaraq mürəbbə almaq barədə razılaşıblar: “Bu barədə Ramil Bəşirzadə İkram Ağayevə məlumat vermişdiş. O, da atası Aydın Ağayevdən mürəbbə almaq üçün lazım olan pulu götürməyimi və Bakı şəhərinə gəlməyimi söylədi. Mən də Aydın Ağayevlə Masallı rayonu ərazisində yerləşən “İstisu” adlı istirahət mərkəzinin yaxınlığında görüşdük. Aydın Ağayev mənə mürəbbə almaq üçün 52.000 manat pul verdi. Həmin vaxt Aydın Ağayev mənə 5 ədəd butulkada su da verdi ki, həmin suyu Ramil Bəşirzadə İsrailə aparıb tərkibini yoxlatdırsın. Mən pulu Aydından götürdüm və Bakı şəhərinə getdim. Sonra İkram Ağayevin razılığı ilə manatla olan pulu ABŞ dollarına çevirdim. Həmin 29.700 ABŞ dolları məbləğində puldan 21.800 ABŞ dolları məbləğində pulu mürəbbə almaq üçün “Balakən” MMC-nin nümayəndəsinə verdim”.
“Mürəbbələri İsrailə göndərəcəklərini bildirdilər”
Rasim Alışov qeyd edib ki, mürəbbə alınması üçün onun tərəfindən pulun verilməsi barədə İkramın, Ramilin və Aydının məlumatları və razılıqları olub: “Həmin vaxt Vaqif adlı şəxs də vasitəçilik etdiyi üçün hər mürəbbə bankasına 5 sent olmaqla 1250 ABŞ dolları məbləğində pulu İkramın, Ramilin və Aydının razılıqları ilə Vaqif adlı şəxsə verib. Lakin bir müddət keçməsinə baxmayaraq “Balakən” MMC-də mürəbbələri hazırlanıb və göndərilməsini gecikdirdiyi üçün İkram Ağayev Şirvan şəhərində yaşayan qohumu Ramil adlı şəxslə məni birlikdə Balakən rayonuna göndərdi. Mən Ramil adlı şəxslə Balakən rayonuna getdim, orada zavodun səlahiyyətli şəxsləri ilə görüşdük, alınacaq mürəbbələrə baxdıq. Zavodun səlahiyyətli şəxsləri ən qısa müddətdə mürəbbələri İsrailə göndərəcəklərini bildirdilər. Ramil və “Balakən” MMC-də gördüyümüz və bizə deyilənlər barədə Aydın və İkram Ağayevləri məlumatlandırdım. “Balakən” MMC mürəbbələrin göndərilməsini bir ay gecikdirərək 27 sentyabr 2016-cı il tarixdə mürəbbələri İsrailə göndərdilər. Sonra Ramil Bəşirzadə mənimlə əlaqə saxladı, mürəbbələrin İsrailə çatdığını, üç həftə ərzində mürəbbələri sataraq pulunu göndərəcəyini bildirdi. Həmçinin Ramil Bəşirzadə İkram Ağayev və ona ticarətin dayanmaması üçün İrandan quru meyvə də alıaraq İsrailə göndərməyi dedi”.
“Şirkətin sənədlərini götürərək İsrailə getdi”
Rasım Alışovun ifadəsinə görə, 2016-cı ilin oktyabr ayında Aydın Ağayevlə gələcəkdə ticarəti genişləndirmək üçün Azərbayacan Respublikası ərazisində mürəbbə və su istehsalı üçün şirkət yaratmaq barədə razılaşıblar: “Həmin vaxt Ramil Bəşirzadə də Bakı şəhərində bizimlə birlikdə olub. Sonra Ramil Bəşirzadə və Aydın Ağayev Bakı şəhərində Asan Xidmətə getdilər, orada şirkət yaratmaq barədə müvafiq sənədləşmələr apardılar. Şirkətin adı “İS AR Trade” oldu. Şirkətin təsisçiləri Aydın Ağayev və Ramil Bəşirzadə, mən isə həmin şirkətin icraçı direktoru oldum. Həmin vaxt Ramil Bəşirzadə İkram Ağayevə hüquqlarını təmsil etmək üçün etibarnamə verdi. Ramil Bəşirzadə İkram Ağayevdən borc pul istədi. İkram Ağayev də 3000 ABŞ dolları məbləğində pulu məndən aldı, 3000 ABŞ dolları məbləğində pulu üzərinə qoyaraq 6000 ABŞ dolları məbləğində pulu Ramil Bəşirzadəyə borc olaraq verdi. Sonra Ramil Bəşirzadə şirkətin sənədlərini götürərək İsrailə getdi”.
“Quru meyvə almaq üçün İrana getdim”
Rasim Alışov daha sonra baş verən olayları belə izah edib: “Bundan sonra İkram Ağayev ilə Ramil Bəşirzadə razılaşdılar ki, mən İrana gedib, oradan quru meyvə məhsulları alım və Türkiyə Respublikası vasitəsi ilə İsrailə göndərim. Həmin razılaşmadan sonra İkram Ağayev mənə zəng vurdu. Bildirdi ki, atası Aydın Ağayevlə görüşüb, ondan 20.000 ABŞ dolları məbləğində pul götürüm və meyvə qurusu almaq üçün İrana gedim. Aydın Ağayevlə əlaqə saxladım. Noyabr ayında Masallı rayonun ərazisində yerləşən “İstisu” adlı yerin yaxınlığında Aydın Ağayevlə görüşdüm. Aydın Ağayev 20.000 ABŞ dolları məbləğində pulu mənə verdi. Mən də quru meyvə almaq məqsədi ilə İranın Marağa şəhərinə getdim. İki gün sonra Aydın Ağayevin oğlu Nahid Ağayev də İranın Marağa şəhərinə gəldi, mənimlə görüşdü. Sonra Marağa şəhərində Nahid Ağayevlə birlikdə İran vətəndaşı Əmin Raşididən 12 ton meyvə qurusu aldıq və meyvələri Türkiyə respublikası vasitəsi ilə İsrailə göndərdik. Meyvə qurusunun 7 tonunun pulunu nağd şəkildə 19600 ABŞ dolları pulu verdim. Həmin pulu Əmin Raşidi adlı İran vətəndaşına Nahid Ağayevin yanında verdim. 5 ton meyvə qurusunu isə nisyə aldıq, təxminən 14000 ABŞ dolları məbləğində pul borclu qaldıq. Sonradan mürəbbə satışından əldə edilmiş puldan borcu olduğumuz pulu da iranlı Əmin Raşidiyə çatdırdıq. Ramil Bəşirzadə mürəbbənin satışından əldə etdiyi 21500 ABŞ dolları məbləğində pulu quru meyvənin İsraildəki gömrük haqqına ödədi”.
“Bildirdi ki, qalmış pulu necə almağı məsləhətləşək”
Rasim Alışov qeyd edib ki, Ramil Bəşirzadə 2017-ci ilin fevral ayında ilk olaraq İkram Ağayevin adına 1750 ABŞ dolları məbləğində pul göndərib, sonra isə İkram Ağayev dövlət işində işlədiyi üçün pulu onun adına göndərməməyi bildirib: “Bundan sonra Ramil Bəşirzadə mənim adıma 5000, 3000, 2300 və 2000 ABŞ dolları məbləğində pul göndərdi. Aldığım həmin 12500 ABŞ dolları məbləğində pulu İran vətəndaşı olan Əmin Raşidiyə borclu qaldığımız meyvə qurusunun pulu üçün göndərdim. Bundan əlavə 2600, 4000 və 2560 ABŞ dolları məbləğində yəni, ümumilikdə 9160 ABŞ dolları məbləğində pulu şəxsən İkram Ağayevə verdim. İsraildə meyvə qurusu gec satıldığı üçün İkram Ağayev mənə və Ramil Bəşirzadəyə bildirdi ki, qalan quru meyvələri onun tanıdığı İsrail vətəndaşı Fuad adlı şəxsə verək. Bundan sonra Ramil Bəşirzadə də 6 ton 320 kq meyvə qurusunu İsraildə Fuad adlı şəxsə təhvil verdi. Fuad adlı şəxs həmin meyvə qurusundan cəmi 450 kq-nı satın almışdı, qalan meyvə isə orada anbarda qalmışdı. Sonra Ramil Bəşirzadədən xahiş etdim ki, meyvə qurularını soyuduculara yerləşdirsin. Malların satılmadığını gördükdən sonra İkram Ağayev mənə “Ramil Bəşirzadə ilə daha əlaqə saxlamayacam, o sənin tanışın idi, onunla sən əlaqə saxla” – deyə bildirdi. Sonra 500 ABŞ dolları və 1000 manat pulu Bakı şəhərində İkram Ağayevə verdim. Bundan sonra Aydın Ağayev mənə bildirdi ki, birlikdə Bakı şəhərinə gedib, oğlu İkram Ağayevlə görüşüb və birlikdə Ramil Bəşirzadədən qalmış pulu necə almağı məsləhətləşək”.
“Hədələrdən qorxduğum üçün ürəyim getdi”
Rasım Alışovun ifadəsinə görə, 31 iyul 2017-ci il tarixdə Aydın Ağayevlə birlikdə Bakı şəhərinə gediblər: “Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən evlərində İkram Ağayev və Aydın Ağayevlə birlikdə bu məsələni müzakirə etdik. Həmin vaxt Aydın Ağayev və İkram Ağayev məni hədələdilər ki, nə desək onu yazmalısan, Ramil sənin tanışındı, pulu da sənə vermişik. Həmin hədələrdən qorxduğum üçün ürəyim getdi və yerə yıxıldı. Sonra mənim üzümə su vurdular, ayıldaraq stolda əyləşdirdilər. Sonra onların dediklərini yazdım, yəni Aydın Ağayevin şirkət üçün verdiyim 50.000 ABŞ dolları pulu borc götürməyim barədə müqaviləni imzaladım. Həm də bu barədə mənə qəbz yazdırdılar”.
“Aldatmaq fikirim olmayıb”
Rasim Alışov qeyd edib ki, beləliklə də əvvəlki aylarda Aydın Ağayevin ona mürəbbə və quru meyvə alınması üçün verdiyi və xərclənmiş pulları rəsmiləşdiriblər: “Mən ümumilikdə İkram Ağayevə 18061 ABŞ dolları məbləğində pul verdim. Heç vaxt Aydın Ağayevi aldadaraq pulunu ələ keçirmək niyyətim olmayıb. Aydın Ağayevin verdiyi pullar onun oğlu İkram və Nahid Ağayevin iştirakları ilə, habelə Aydın Ağayevə məlumat verilməklə xərclənmişəm. Yəni İkram Ağayevin tapşırığı ilə əvvəl mürəbbə, sonra isə meyvə qurusu məhsulları alaraq İsrailə göndərilmişəm”.
“Dələduzluq əməli törətməmişəm”
Rasim Alışov qeyd edib ki, onunla Aydın Ağayevin arasında su və mürəbbə sexləri yaratmaq barədə, həmçinin bu sexlərin qurulması üçün avadanlıqlar alınması barədə razılaşmaları olmayıb: “Bu məqsədlə Aydın mənə pul verməyib. Aydının mənə verdiyi pul vəsaitini onu aldadaraq ələ keçirməmişəm. Həmin pulla birlikdə ticarət etmişik. Lakin sonradan quru meyvələrin böyük bir hissəsi satılmadığı və xarab olduğu üçün ziyana düşdük. Aydın Ağayev və İkram Ağayev həmin ziyanının mənim tərəfimdən ödənilməsini tələb etdilər. İkram Ağayev və Ramil Bəşirzadənin, həm özümün, həm də Aydın Ağayevin iştirakı ilə görəcəyimiz ticarət işləri ilə bağlı Aydın Ağayevdən 52.000 manat və 20.000 ABŞ dolları pul götürdüyüm üçün, sonradan isə İsraildə meyvə qurusunun satılmaması nəticəsində ziyana düşmələri nəticəsində xərclənmiş pulların itirilməsinə görə Aydın Ağayev və İkram Ağayevin verilmiş pulların məndən tələb etmələrinə görə çıxılmaz halda belə bir vəziyyətə düşdüyümdən özümü Aydın Ağayevə borclu hesab etdim. Aydın Ağayevə verilmiş pulun qaytaracağıma söz verdim. Lakin maddi imkanım olmadığına görə, həmin borclu olduğum pulu tam olaraq qaytara bilmədim. Aydın Ağayevə qarşı hər hansı bir dələduzluq əməli törətməmişəm”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Alışovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi sübuta yetirilməyib. Ona həmin ittiham üzrə bəraət verilib.
Hökmdən narazı qalan zərərçəkmiş Aydın Ağayev apelyasiya şikayəti verib. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunmasını, Rasım Alışovun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib.
Aydın Ağayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, Aydın Ağayevin şikayəti təmin olunmayıb.
Fariz Məlikli


