ATƏT-dən cəbhə bölgəsindəki vəziyyətlə bağlı AÇIQLAMA

SİYASƏT 25 mar 2020, 23:57

ATƏT 2019-cu il ərzində Azərbaycan və Ermənistan sərhədində 5, cəbhə xəttində isə 18 dəfə monitorinq keçirib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in illik hesabatında məlumat verilib.


Hesabatda qeyd olunub ki, 2019-cu il ərzində tərəflər atəşkəs rejiminin pozulma səviyyəsinin nisbətən aşağı olduğunu bildiriblər ki, bu da cəbhə xəttində nisbi sabitlik və sakitliklə əlaqələndirilir.


ATƏT-in regiondakı ofisinin Cənubi Qafqazda təşkilatın mövcudluğunu təmin edən və cəbhə bölgələrinə çıxışı olan yeganə beynəlxalq qurum olduğu vurğulanıb.


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin illik fəaliyyətinə toxunulan hesabatda bildirilib ki, şəxsi nümayəndə, səfir Anjey Kaspşik və komandası monitorinqlər keçirərək bölgədəki vəziyyətin davamlı araşdırılmasını təmin etmiş, ATƏT-in fəaliyyətdə olan sədrinə, Minsk Qrupu həmsədrlərinə dəstək vermiş və gələcəkdə də tərəflərin razılığı ilə onlar arasında etimadın yaradılması üçün imkanlar axtarmağa davam etmişdir.


Hesabatda bildirilib ki, ATƏT-in ofisinin apardığı monitorinq fəaliyyətləri və logistik dəstəyi Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndələrinin aprel və iyun aylarında bölgəyə səfər etməsinə və həmçinin fevral, may və oktyabr aylarında həmsədrlərin bölgəyə səfərlərinə şərait yaradıb: "Ofis, həmçinin mart ayında ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfərinə dəstək verib. Tərəflərin istəyinə əsasən, sentyabr ayında cəbhə xəttindəki ərazidə qalan hərbi qulluqçunun cəsədinin götürülməsi üçün ATƏT ofisi humanitar əməliyyata dəstək vermişdir".


Hesbatda qeyd olunub ki, ATƏT-in regiondakı ofisi qurumun fəaliyyətdə olan sədrinə, baş katibliyə və həmsədrlərə davam edən vəziyyət barədə hesabatlar və brifinqlər təqdim edib.


"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı kimi vacib tərəfləri məlumatlandırmış və onlarla əməkdaşlıq etmiş, sentyabr ayında həmsədrlərlə birlikdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı və BQXK-nın Prezidenti ilə Cenevrədə görüşərək onlarla vəziyyət ətrafında fikir mübadiləsi aparmışdır.


O, Fransa, İsveç və Amerika Birləşmiş Ştatlarının Xarici İşlər nazirlərinin yüksək səviyyəli rəsmiləri ilə görüşlərdə həmsədrləri müşayiət etmişdir.


Yanvar, aprel, iyun və sentyabr aylarında xarici işlər nazirləri səviyyəsində görüşlərin təşkilində həmsədrlər kömək etmiş və mart ayında Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın Baş Naziri arasında Zirvə görüşünə hazırlıqla məşğul olmuşdur", - deyə hesabatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top