Kriminal

Korrupsiya əməlinə görə tutulan “Aqrolizinq”in sabiq müdirinə cəza kəsildi — Məhkəmədən QƏRAR

Korrupsiya əməlinə görə tutulan “Aqrolizinq”in sabiq müdirinə cəza kəsildi — Məhkəmədən QƏRAR

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Masallı Aqroservis filialının müdiri vəzifəsində işləmiş Eldar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Eldar Hüseynov 5 oktyabr 2012-ci ildən 1 iyul 2015-ci il tarixədək olan müddətdə əsas fəaliyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsini, mineral gübrə və pestisidlərin satışını, kənd təsərrüfatı texnikalarının lizinqə verilməsini təşkil etməkdən ibarət olan “Aqrolizinq” ASC-nin Təsərrüfat hesablı Masallı rayon «Aqroservis» filialının müdiri vəzifəsində işləyərkən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.

Daha sonra dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti ələ keçirib.

İstintaq orqanı tərəfindən Eldar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Hüseynov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə isə cəza təyin olunmayıb. Hökmdə buna səbəb həmin maddə üzrə cəza təyin olunma müddətinin keçməsi kimi qiymətləndirilib.

Hökmdən narazı qalan Eldar Hüseynov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında da aşağı həddə cəza təyin olunmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Eldar Hüseynovun şikayəti qismən təmin edilib. Onun cəzası 6 il 6 aya endirilib.

Bu qərardan narazı qalan Eldar Hüseynov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda Eldar Hüseynovun kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Eldar Hüseynovun kasasiya şikayəti təmin edilməyib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az