Gündəm

"Məktəblərdə dərslər dayandırılsın, sonra gec olacaq" — Ekspertlərdən TƏKLİF

Məktəblərdə dərslər dayandırılsın, sonra gec olacaq — Ekspertlərdən TƏKLİF

Koronavirus təhlükəsinə görə təhsil müəssisələrində dərslər dayandırılmalıdır.

Demokrat.az xəbər verir ki, bu tələblə tanınmış iqtisadçı Qubad İbadoğlu və təhsil eksperti Kamran Əsədov çıxış ediblər.

Q.İbadoğlu sosial şəbəkə vasitəsilə ünvanladığı müraciətini belə əsaslandırıb:

"İranda 1 həftə əvvəl məktəblər bağlanıb, kütləvi tədbirlər dayandırılıb, Ermənistanda məktəblər sabahdan bağlanır, Gürcüstanda hazırlıq gedir, Azərbaycan yenə də gözləyir. Bu gün mart ayının ilk tədris günüdür, 2 həftədən sonra dərslər qrafik üzrə Novruz tətilinə görə dayandırılacaq. Hal-hazırda görünən odur ki, Nazirlər Kabineti, Təhsil Nazirliyi ictimai tələblərə adekvat reaksiya vermir və yaxın günlərdə bunu etmək məcburiyyətində qalıb qərar versə də onun effekti arxadan atılmış daşa bənzəyəcək.

Yaponiya ötən həftə qərar verərək mart ayının sonunadək məktəbləri 13 milyon şagirdin üzünə bağladı.

Analoji qərarı Vyetnam Yaponiyadan əvvəl verib, lakin məktəblər bağlanmamışdan əvvəl şagirdlərə və müəllimlərə xüsusi təlimlər keçirilib.

Ermənistan bu gündən uşaq bağçası, məktəb, texniki peşə litseyində, texnikum, kollec və Universitetlərdə təhsili 1 həftə müddətinə dayandırdı. Məlumat üçün qeyd edim ki, Ermənistanda hələ ki, 29 yaşlı 1 nəfər koronavirusa yoluxub.

Analoji qərarı bu həftə Gürcüstanın da verəcəyi gözlənilir. Bu gündən Gürcüstanda işləyən beynəlxalq təşkilatlarda əmək fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmağa başlayıb.

İranda məktəblər 1 həftədir ki, qapalıdır, sosial tədbirlər, hətta cümə namazı da təxirə salınıb.

Azərbaycana gəlincə, hesab edirəm ki, ilk növbədə cənub rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyan) uşaq bağçaları və məktəblər, eləcə də Bakı və respublika tabeli 9 şəhərdə uşaq bağçaları və məktəblər, kollec və Universitetlər əvvəlcə 1 həftə müddətinə bağlanmalı, zərurət yaranarsa, bu müddət Novruz bayramınadək uzadılmalıdır.

Demokrat.az

D
demokrat.az