YapiKredi Müraciət Forması
Mazda CX-5
Turizm Özəl

Şənbə-bazarı rayonlarda keçirmək neçəyə başa gəlir? — Açıqlama

Şənbə-bazarı rayonlarda keçirmək neçəyə başa gəlir? — Açıqlama

Həftə sonlarını şəhərdən kənarda keçirmək istəyənlərin sayı artır. Xüsusilə Qəbələ, Quba, Şəki, İsmayıllı və Qusar kimi rayonlar qısa müddətli istirahət üçün seçilən istiqamətlər sırasındadır. Lakin belə səfərlərin büdcəsi seçilən rayondan, nəqliyyat vasitəsindən, qalma yerindən və istirahət proqramından asılı olaraq dəyişir. Bəzi istiqamətlərə daha münasib büdcə ilə getmək mümkün olduğu halda, digərlərində hotel və digər xidmətlər xərcləri əhəmiyyətli dərəcədə artıra bilər.

Bəs rayonlara istirahətə getmək neçəyə başa gəlir? Hansı rayonlara təxmini nə qədər pul çıxar?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, həftəsonu Azərbaycanın regionlarına istirahətə getməyin qiyməti yalnız seçilən rayondan deyil, nəqliyyat vasitəsindən, yerləşmə obyektinin kateqoriyasından, qidalanma, əyləncə və digər xidmətlərdən asılıdır.

Onun sözlərinə görə, eyni rayonda həm büdcəyə uyğun, həm də yüksək qiymət seqmentində istirahət etmək mümkündür:

"Bakıdan yola düşməklə birgünlük təşkil olunmuş qrup turlarına adambaşına təxminən 25–50 manat, qidalanma və əlavə xidmətlərlə birlikdə isə 45–80 manat büdcə ayırmaq olar. İki nəfərin bir gecəlik, iki günlük istirahəti üçün nəzərdə tutulan təxmini büdcə Şamaxı–Pirqulu istiqamətində 150-250 manat, İsmayıllı–Lahıc–Basqal marşrutu üzrə 180-280 manat, Quba–Qusarda 210-350 manat, Qəbələdə 220-400 manat, Şəki–Qax–Zaqatalada 190-320 manat, Lənkəran–Lerik–Astarada 210-340 manat, Gəncə–Göygöl istiqamətində isə 200-330 manat təşkil edir. Bu məbləğlərə gediş-gəliş, bir gecəlik yerləşmə, qidalanma və sadə istirahət xərcləri daxildir. Beşulduzlu hotellər, SPA xidmətləri, dağ-xizək kompleksləri və fərdi villalar seçildikdə büdcə xeyli arta bilər. Hazırkı payız-qış dövründə mövsümi endirimlərdən yararlanmaq, ailəvi qonaq evlərində yerləşmək və səfəri əvvəlcədən planlaşdırmaqla xərcləri azaltmaq mümkündür.

Ümumiyyətlə, daxili turizmin inkişafı baxımından əsas məqsəd yalnız yüksək səviyyəli istirahət komplekslərinin yaradılması deyil, müxtəlif gəlir səviyyəsinə malik vətəndaşlar üçün əlçatan və keyfiyyətli turizm məhsullarının formalaşdırılması olmalıdır. İnsanların öz ölkələrində müntəzəm səyahət edə bilməsi həm sosial rifah, həm də regionların iqtisadi inkişafı baxımından əhəmiyyətlidir".

Editor
Redaktor