YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

İlahiyyatçıdan "Qara cümə"yə etiraz — "İslam əxlaqına uyğun deyil"

İlahiyyatçıdan Qara cüməyə etiraz — İslam əxlaqına uyğun deyil

"İslam dünyasında cümə gününün xüsusi yeri var. Cümə həftənin ən fəzilətli günü hesab olunur. Ramazan ayı ayların sultanı sayıldığı kimi, cümə günü də günlərin sultanı kimi qəbul edilir. Bu günün dində xüsusi əhəmiyyəti var. Hətta Qurani-Kərimdə "Cümə" adlı surə də mövcuddur. Məlumdur ki, Allah Adəmi cümə günü yaradıb, qiyamətin də cümə günü qopacağı bildirilir. Cümə həm də müsəlmanların bir araya gəldiyi, dərdləşdiyi, bir imamın arxasında namaz qıldığı, dua etdiyi və bir-birinə xeyir-dua verdiyi gündür".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib.

Onun sözlərinə görə, Qurani-Kərimdə cümə günü azan verildiyi zaman alış-verişi tərk edərək Allahı zikr etməyə tələsmək əmr olunur:

""Fəs"av ilə zikrillah" – yəni Allahı xatırlamağa, Onu zikr etməyə yönəlin. Namaz başa çatdıqdan sonra isə insanların yer üzünə dağılıb ruzilərinin ardınca getmələri buyurulur. Bütün bunlar cümə gününün İslam dünyasında nə qədər böyük dəyərə və fəzilətə malik olduğunu göstərir. Bu baxımdan belə əhəmiyyətli bir günə "qara" sifətinin əlavə edilməsi, "Qara cümə" adı altında kommersiya anlayışının formalaşdırılması, həqiqətən də, İslam əxlaqına və iqtisadi etika prinsiplərinə uyğun deyil.

Bəzən "son şans", "axırıncı fürsət" və digər təşviqedici ifadələrlə insanların cibindəki son qəpiyə qədər xərcləməsinə çalışılır. Kommersiya maraqları naminə "Qara cümə" adı altında insanları alış-verişə cəlb etmək, qiymətləri əvvəlcə əsassız şəkildə artırıb, daha sonra müəyyən hissəsini endirim kimi təqdim etmək istehlakçıları aldatmaqdan başqa bir şey deyil.

Sevgili Peyğəmbərimiz bir hədisində buyurur: "Mən ğaşşənə fə-ləysə minni" bizi aldadan bizdən deyil. Biz müsəlmanıq. Ticarətimiz də, iqtisadi fəaliyyətimiz də, həyat fəlsəfəmiz də Allahın vəhyinə və İslam əxlaqına uyğun olmalıdır. Hər bir dəyərimizi əxlaq üzərində qurmalıyıq. Ticarətimiz də, siyasətimiz də, həyatımızın bütün sahələri də əxlaqa əsaslanmalıdır.

Ümumiyyətlə, insanın ağlı haradadırsa, əxlaqı da orada olmalıdır. Ağlımız Allahın yanında olmalıdır ki, əxlaqımız da Onun buyurduğu prinsiplərə uyğun formalaşsın. Bu halda ticarətimiz də həmin əxlaqi dəyərlərə tabe olacaq.

Bizim məqsədimiz insanları aldatmaq, yalnız öz cibimizi doldurmaq deyil, onların həqiqətən ehtiyac duyduqları məhsulları əldə etməsinə şərait yaratmaq olmalıdır. Çünki "Qara cümə" adı altında insanların kütləvi şəkildə alış-verişə cəlb edilməsi həm də psixoloji təsir mexanizminə əsaslanır. Bir neçə nəfər alış-veriş etdikdə digərləri də onların ardınca gedir. Bu proses cəmiyyətdə sürətlə yayılır, hər keçən gün daha da təşviq edilir və nəticədə daha çox insan alış-veriş rəqabətinə cəlb olunur.

Bəs bu prosesdən kim qazanır? Əslində, aztəminatlı insanlar bəzən ciblərindəki son vəsaiti də xərcləyərək ehtiyac duymadıqları məhsulları alırlar. Sadəcə endirim olduğunu gördükləri üçün həmin məhsullara üz tuturlar. Hətta bəzi hallarda alınan əşyalar aylarla istifadə olunmadan qalır.

Ona görə də insanlarımızın rahat və düşünülmüş şəkildə alış-veriş etməsini istəyirəm. Əgər həqiqətən səmimi niyyət varsa, bunu mütləq "Qara cümə" adı altında təqdim etməyə ehtiyac yoxdur. Müəyyən günlərdə endirim kampaniyaları təşkil edilə, xüsusilə aztəminatlı ailələr, imkansız və ehtiyacı olan insanlar nəzərə alına bilər. Böyük şirkətlərin imkanları varsa, həmin günlərdə insanlara hədiyyələr təqdim etmələri də mümkündür. Ancaq bu, insanların şəxsiyyətini alçaltmadan, ləyaqətini qorumaqla həyata keçirilməlidir.

Biz bir vətəndə yaşayırıq, Azərbaycan ailəsinin övladlarıyıq. Buna görə də bir-birimizə qarşı səmimi, dürüst və sədaqətli olmalıyıq. Ağır gündə də, xoş gündə də bir yerdə olmağı bacarmalıyıq. Üzümüz ağlayanda da, güləndə də birliyimizi qorumalıyıq. Biz bir millətik və milli şüurumuz, milli təfəkkürümüz də bu birlik üzərində formalaşmalıdır. Bir qrup insanın daha da varlanması, digər böyük bir qrupun isə əziyyət çəkməsi İslam əxlaqına uyğun deyil.

Bu səbəbdən "Qara cümə" adı altında həyata keçirilən alış-veriş kampaniyalarına cəmiyyətin münasibəti də dəyişməlidir. İnsanlar bu cür kampaniyalara qarşı mövqe nümayiş etdirə, onları boykot edə bilərlər. Hesab edirəm ki, bu, daha düzgün və məqsədəuyğun yanaşma olardı.

İnsanlarımız rahat və aldadılmadan alış-veriş etməlidirlər. Onlar bizim vətəndaşlarımız, dəyərli insanlarımız, bu millətin övladlarıdır. Şəhidlər və qazilər yurdu olan bu Vətəndə öz millətimizin övladlarını aldatmağa çalışmamalıyıq. Bu, Allah qatında da xoş qarşılanmayan, cəmiyyətin nəzərində də qəbul edilməyən davranışdır".

Nuray Paşşanlı

Editor
Redaktor