"Airfryer" son illərdə mətbəxdə ən çox istifadə olunan cihazlardan birinə çevrilib. Az yağla kartof, toyuq, tərəvəz və müxtəlif yeməklər hazırlamaq mümkün olduğu üçün bir çox insan onu daha sağlam qidalanma vasitəsi hesab edir. Lakin airfryer-də hazırlanan hər yemək avtomatik olaraq sağlam sayılmır.
Demokrat.az xəbər verir ki, "airfryer" yeməkləri isti hava dövranı ilə bişirərək ənənəvi qızartma zamanı istifadə olunan yağın miqdarını azaltmağa imkan verir. Bu üsul xüsusilə kartof, toyuq və digər məhsulların hazırlanmasında yağ istifadəsini minimuma endirir.
Bununla belə, cihazın sağlamlıq baxımından üstünlükləri onun düzgün istifadəsindən asılıdır. Yeməyin həddindən artıq qızardılması, yüksək temperaturda uzun müddət bişirilməsi və hazır, yüksək emal olunmuş məhsullardan istifadə edilməsi qidalanma baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər.
Dietoloq Sevde Kahraman bildirib ki, "airfryer" dərin yağda qızartma ilə müqayisədə daha az yağ istifadəsinə imkan versə də, bu üsul da qızartma hesab olunur. Daha sağlam bişirmə üsulları arasında buxarda hazırlama, qaynatma, sobada bişirmə və qril də yer alır.
Beləliklə, "airfryer" yağ istifadəsini azaltmaq üçün əlverişli vasitə olsa da, sağlam qidalanmanın əsas şərti yalnız bişirmə cihazını dəyişmək deyil, qida seçiminə də diqqət yetirməkdir.



