Yeni tikililərdən mənzil alan vətəndaşların qarşılaşdığı problemlərdən biri də tikinti şirkətlərinin mənzilləri müqavilədə göstərilən vaxtda təhvil verməməsidir. Bəzi hallarda alıcılar mənzilin dəyərini əvvəlcədən tam və ya hissə-hissə ödəsələr də, tikinti işlərinin uzanması səbəbindən aylarla, hətta illərlə gözləməli olurlar. Bu müddətdə vətəndaş həm aldığı mənzildən istifadə edə bilmir, həm də kirayə haqqı və digər əlavə xərclərlə üzləşir.
Demokrat.az xəbər verir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, icraçı iş görülməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya işin ləng aparılması onun vaxtında başa çatmayacağını göstərirsə, istehlakçının müqavilədən imtina etmək və dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.
Həmin maddənin 5-ci bəndində isə işlərin və xidmətlərin yerinə yetirilməsi gecikdirildikdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulur. Belə ki, qanuna əsasən, icraçı gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin, bu ayrıca müəyyən edilmədikdə isə sifarişin dəyərinin 1 faizi məbləğində dəbbə pulu ödəməlidir. Müqavilədə başqa məbləğ nəzərdə tutulduğu hallar da mümkündür.
Bu o deməkdir ki, münasibət istehlak podratı hesab edildikdə və qanunun müvafiq şərtləri mövcud olduqda, vətəndaş tikinti işlərinin gecikdirilməsinə görə şirkətdən dəbbə pulu tələb edə bilər.
Bununla yanaşı, 2026-cı il iyulun 7-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi 10 nömrəli qərarda podrat müqavilələrindən irəli gələn mübahisələrə aydınlıq gətirilib. Qərarda istehlak podratı münasibətlərinin yaranması üçün podratçının sahibkar, sifarişçinin isə fiziki şəxs olması və müqavilənin həmin şəxsin şəxsi tələbatını ödəmək məqsədi daşıması əsas şərtlər kimi göstərilib.
Ali Məhkəmənin qərarına əsasən, istehlak podratı münasibətlərində işlərin gecikdirilməsinə görə qanunla müəyyən edilmiş dəbbə pulu tələb oluna bilər. Digər podrat münasibətlərində isə belə öhdəlik qanunda avtomatik nəzərdə tutulmur və dəbbə pulu, bir qayda olaraq, tərəflərin müqavilədə razılaşdırdığı hallarda tələb edilə bilər.
Beləliklə, yeni tikilidən mənzil alan hər bir vətəndaşın tikinti şirkətindən avtomatik olaraq gündəlik 1 faiz dəbbə pulu tələb etmək hüququ olduğu qənaətinə gəlmək düzgün deyil. Bunun üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin hüquqi mahiyyəti, öhdəliklər və təhvil müddəti araşdırılmalıdır.
Digər tərəfdən, tikinti şirkətinin müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsi alıcının hüquqi müdafiə imkanlarını aradan qaldırmır. Vətəndaş müqavilənin şərtlərindən asılı olaraq dəbbə pulunun, dəymiş zərərin ödənilməsini, eləcə də qanuni əsaslar olduqda müqavilənin ləğvini tələb edə bilər.



