Ağdaş rayonunda 41 yaşlı kişi həmyerlisini qətlə yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdaş şəhəri, H. Əliyev prospektində yerləşən çay evində baş verib.
1985-ci il təvəllüdlü Həsən (ad şərtidir – red.) tanışı Elnurla (ad şərtidir – red.) şəxsi münasibətlər zəminində mübahisə edib. Buna səbəb Elnurun əvvəlcə çay evinin terrasında Həsənin əyləşdiyi stola eynəyini ataraq sındırması, daha sonra isə zalda onun əyləşdiyi divana yaxınlaşaraq Həsənə "DJ" deyə müraciət etməsi olub.
Mübahisə zamanı əsəbiləşən Həsən Elnurun sağlamlığına qəsdən ağır xəsarət yetirmək qərarına gəlib. O, ayağa qalxaraq Elnurun ağız və burun nahiyəsinə bir dəfə kəllə zərbəsi endirib.
Zərbədən sonra Elnur yaxınları tərəfindən hadisə yerindən uzaqlaşdırılıb və xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Həsən barəsində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə – qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma – ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Həsən ittiham üzrə özünü təqsirli bilib. O, Elnuru uzun müddətdir tanıdığını, təxminən hadisədən 3-4 ay əvvəl onun nalayiq ifadələrlə zarafat etdiyini bildirib:
"Elnura iradlarımı bildirdim. Lakin aramızda mübahisə yaranmadı. Elnur gündəlik olaraq spirtli içki qəbul edib. Mən də dəfələrlə ona spirtli içki qəbul etməməsini demişəm. Lakin bunun nəticəsi olmayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 23 radələrində Ağdaş şəhərindəki çay evinə gedib və Şahinlə birlikdə masada əyləşib. Bir müddət sonra Elnurun sərxoş vəziyyətdə onların yanına gəldiyini deyən Həsən onunla zarafatlaşdıqlarını bildirib.
Onun ifadəsinə görə, həmin vaxt Elnurun başında olan eynək stolun üzərinə atılıb və sınıb. Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb. Şahinin müdaxiləsindən sonra mübahisə əlbəyaxa davaya çevrilməyib və Elnur masadan uzaqlaşdırılıb.
Həsən daha sonra təxminən bir saat terrasda oturduğunu, üşüdüyü üçün çay evinin zalına keçərək içki barının qarşısındakı divanda əyləşdiyini deyib.
O bildirib ki, mobil telefonu ilə "Bluetooth" vasitəsilə çay evinin maqnitofonuna qoşularaq musiqini dəyişməyə başlayıb. Həmin vaxt Elnurun da zalın digər tərəfində pivə içdiyini və bir neçə dəfə ona söz atdığını qeyd edib.
Təqsirləndirilən şəxs hadisənin davamını belə danışıb:
"Təxminən saat 02 radələrində Elnurun əlində pivə bakalı ilə əyləşdiyim masaya tərəf gəldiyini gördüm. Elnur yaxınlaşaraq mənə "DJ" kimi müraciət etdi və mahnını dəyişməyimi dedi. Mən isə Elnura qışqıraraq nə istədiyini soruşdum. Aramızda qısa müddət sözlü mübahisə baş verdi. O, mənə kobud şəkildə nalayiq ifadə dedi. Mən isə əsəblərimi cilovlaya bilmədim, ayağa qalxaraq Elnurun ağız və burun nahiyəsinə bir kəllə zərbəsi vurdum. Nəticədə Elnur zərbənin təsirindən yıxıldı".
Həsən bildirib ki, hadisədən təxminən 20 dəqiqə sonra Elnur özü yeriyərək çay evinin terrasından zala daxil olub. Daha sonra Şahin onu yenidən terras tərəfə aparıb. Həsən isə tanışları Ülvi və Məliklə birlikdə çay evindən çıxaraq evə gedib.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, Elnurun həyat yoldaşı Solmazın sözlərinə görə, mərhum mütəmadi olaraq spirtli içki qəbul edib və Ağdaş şəhərində yerləşən çay evində işləyib. O bildirib ki, hadisədən 3-4 gün əvvəl Elnur artıq həmin çay evinə getməyib.
Solmazın sözlərinə görə, hadisə gecəsi saat 03-04 radələrində Bakı şəhərində yaşayan oğlu Namil ona zəng edərək çay evinin sahibi Şahinin Elnurun sərxoş vəziyyətdə olduğunu və onu evlərinin qarşısına gətirdiklərini bildirib.
O qeyd edib ki, sonradan oğlu Elnurun həyətdəki divana uzadılaraq qoyulduğunu deyib. Solmaz həmçinin Şahinin onun qardaşı Mətləbə də zəng etdiyini, lakin Elnurun döyülməsi və xəsarət alması barədə məlumat vermədiyini bildirib.
Hüquqi varis deyib ki, səhər saat 09:30 radələrində evə gəldikdə Elnurun sifətinin tamamilə qan içində olduğunu və xırıldadığını görüb:
"Qorxduğum üçün qonşularımız Səlimə və əri Neməti çağıraraq kömək etmələrini istədim. Qonşum Səlimə təcili yardıma zəng etməyimi bildirdi. Mən də həmin xidmətə zəng etdim. Təcili yardım əməkdaşları gələrək Elnura naşatır spirti iylətdilər. Lakin Elnur hər hansı reaksiya vermədi və xəstəxanaya aparıldı. İlkin olaraq Acil şöbəsinə, daha sonra isə Reanimasiya şöbəsinə yerləşdirildi. Sonradan orada öldü".
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Fariz Məlikli



