"Prezident İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, Avropa məkanında strateji əhəmiyyətinin və çoxşaxəli xarici siyasətinin növbəti nümayişi kimi qiymətləndirilə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu səfər ölkəmizin Avropa ilə münasibətlərində yeni imkanların müzakirəsi, siyasi dialoqun genişləndirilməsi və strateji tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
"Dublin səfərinin diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin yüksək intensivlikli diplomatik gündəliyi olub. Bir gün ərzində müxtəlif ölkələrin liderləri ilə keçirilən görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində nə qədər aktual və tələb olunan tərəfdaş olduğunu göstərir. Görüşlərin qarşı tərəflərin təşəbbüsü ilə baş tutması da Azərbaycanın siyasi çəkisinin və ölkəmizlə əməkdaşlığa olan marağın göstəricisidir. Enerji təhlükəsizliyinə həsr olunmuş xüsusi paneldə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Avropanın enerji arxitekturasındakı yerini bir daha ön plana çıxardı. Azərbaycan bu gün Avropanın enerji təchizatında etibarlı tərəfdaşdır. Təbii qaz ixracı, Cənub Qaz Dəhlizi, bərpaolunan enerji potensialı və gələcək enerji bağlantıları ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Bakı enerji əməkdaşlığını uzunmüddətli iqtisadi və siyasi tərəfdaşlığın mühüm istiqaməti kimi inkişaf etdirir".
Politoloq əlavə edib ki, Böyük Britaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəldilməsi isə səfərin mühüm nəticələrindəndir:
"Müdafiə və təhlükəsizlik, ticarət, investisiya, təhsil və innovasiya sahələrini əhatə edən yeni əməkdaşlıq gündəliyi Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir. Bu, eyni zamanda, ölkəmizin iqtisadi potensialına və regional mövqeyinə göstərilən etimadın ifadəsidir. Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi edəcək olması da xüsusi siyasi məna daşıyır. Bu qərar ölkəmizin Avropa siyasi dialoqunda fəal iştirakının və beynəlxalq tədbirlərin keçirilməsi üçün formalaşdırdığı təşkilati və diplomatik imkanların təzahürüdür. Dublin səfəri bir daha göstərdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlərdə öz milli maraqlarını ardıcıl müdafiə edən, müxtəlif güc mərkəzləri ilə konstruktiv dialoq quran və qlobal gündəliyin mühüm məsələlərində söz sahibi olan dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın siyasi nüfuzunu, iqtisadi imkanlarını və beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirən mühüm amildir".


