YapiKredi Müraciət Forması
Hadisə

Bank kartlarından pul oğurlayan şəbəkə saxlanıldı

Bank kartlarından pul oğurlayan şəbəkə saxlanıldı

Azərbaycan vətəndaşlarını hüquq-mühafizə orqanlarının əməkdaşları adı altında aldadaraq pullarını mənimsəyən beynəlxalq kiberdələduzluq şəbəkəsinin təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kibercinayətkarlıq son illər qlobal miqyasda ciddi təhlükəyə çevrilib. Son beş ildə bu sahənin dünya iqtisadiyyatına vurduğu illik zərər 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara çatıb. Cinayətkar qrupların müxtəlif ölkələrdən idarə olunması və maliyyə əməliyyatlarında müasir texnologiyalardan istifadə etməsi kiberdələduzluğa qarşı beynəlxalq əməkdaşlığın vacibliyini artırır.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşlarını hədəf alan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti aşkarlanıb. Araşdırma zamanı müəyyən edilib ki, şəbəkə Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında fəaliyyət göstərən qanunsuz zəng mərkəzləri vasitəsilə idarə olunub.

Şəbəkəyə yeni şəxslərin cəlb edilməsi üçün "Telegram" platformasında informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən vakansiyalar yerləşdirilib. Bu elanlar vasitəsilə bəzi xarici ölkə vətəndaşları da həmin mərkəzlərdə işləməyə cəlb olunublar.

Zəng mərkəzlərində çalışan şəxslər əvvəlcədən hazırlanmış danışıq ssenarilərindən istifadə edərək Azərbaycan vətəndaşlarına zəng ediblər. Onlar özlərini polis və digər hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim ediblər. Vətəndaşlara bank hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, kartlarının bloklanacağı və ya adlarına qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar verilib.

Bəzi hallarda isə insanlara yüksək gəlir vəd edən saxta investisiya təklifləri təqdim olunub. Dələduzlar qorxu və təşviş yaratmaqla və ya asan qazanc vədi ilə vətəndaşları pullarını başqa hesablara köçürməyə, bank kartlarının məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi məlumatlarını açıqlamağa məcbur ediblər.

Ukrayna Daxili İşlər Nazirliyi ilə birgə keçirilən əməliyyat zamanı Kiyevdəki qanunsuz zəng mərkəzlərində çalışan 11 nəfər saxlanılıb. Onların arasında beynəlxalq axtarışa verilmiş şəbəkə təşkilatçıları Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov da olub. Həmin şəxslər Azərbaycana gətiriliblər.

Araşdırmalar zamanı Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyevin də cinayətkar şəbəkənin maliyyə əməliyyatlarında iştirak etdiyi müəyyənləşdirilib. Onların "Telegram" vasitəsilə xaricdəki şəbəkə üzvləri ilə əlaqə saxlayaraq dələduzluq yolu ilə əldə olunan pulların leqallaşdırılmasında iştirak etdikləri bildirilir.

Məlumata görə, həmin şəxslər mənimsənilən vəsaitləri öz istifadələrində olan bank kartlarına köçürüb, razılaşdırılmış faiz məbləğini götürdükdən sonra qalan pulu kriptovalyutaya çevirərək xaricə göndəriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. Şəbəkənin təşkilatçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir.

DİN vətəndaşlara sosial şəbəkələrdə yüksək əməkhaqqı və asan qazanc vəd edən şübhəli iş elanlarına inanmamağı, bank kartı məlumatlarını, SMS kodlarını və digər məxfi şifrələri tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edib. Nazirlik həmçinin şübhəli zənglər zamanı səsləndirilən məlumatların rəsmi mənbələrdən yoxlanılmasının və kiberdələduzluq halları ilə rastlaşdıqda dərhal polisə müraciət edilməsinin vacibliyini vurğulayıb.