İş axtaran şəxslər bəzən aylarla vakansiyalara müraciət etsələr də, müsahibələrdən uğurla keçə və işə qəbul ola bilmirlər. Hətta ali təhsili və iş təcrübəsi olan namizədlər də bəzən işəgötürənlərdən mənfi cavab alırlar.
Bəs işə qəbul zamanı hansı məqamlar həlledici rol oynayır və namizədlərin özlərinin belə fərqinə varmadığı hansı səbəblər onların iş tapmasına mane olur?
İnsan resursları üzrə ekspert Aytən Şıxalıyeva Demokrat.az-a açıqlamasında bildirib ki, işə qəbul edilməməsinin səbəblərini namizədin hazırlığı və işəgötürənin tələbləri baxımından qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, tələblərlə təklif edilən şərtlər hər zaman uyğun gəlmir.
"Bəzən bir vəzifə adı altında bir neçə fərqli işin görülməsi tələb olunur. İşəgötürən peşəkar bilik, xarici dil, müxtəlif proqramlarla işləmək və əlavə funksiyaları yerinə yetirmək bacarığı gözləyir. Əməkhaqqı isə bu məsuliyyətə uyğun olmur. Təcrübəli namizəd öz bilik və bacarıqlarına uyğun şərtlər gözlədikdə tərəflər razılığa gələ bilmirlər. Burada problem namizədin işi bacarmaması deyil, gözləntilərin uzlaşmamasıdır.
Diplom və uzun iş stajı üstünlükdür, amma hər vəzifə üçün kifayət etmir. İllərlə eyni işi görmək hər zaman inkişaf etmək demək deyil. Yeni vəzifə fərqli texnologiya, analitik düşüncə və ya daha geniş məsuliyyət tələb edə bilər. Bununla yanaşı, işəgötürənin yalnız eyni sektorda çalışmış şəxsləri nəzərdən keçirməsi də başqa sahədən gələn bacarıqlı namizədlərin imkanlarını məhdudlaşdırır.
Namizədin öz təcrübəsini necə təqdim etməsi də seçimə təsir edir. Bəzən namizəd harada işlədiyini danışır, amma həmin işdə nəyi dəyişdirdiyini, hansı problemi həll etdiyini və hansı nəticəni əldə etdiyini izah edə bilmir. İşəgötürən isə onun konkret töhfəsini anlamaq istəyir. Vakansiyanı araşdırmadan müsahibəyə gəlmək, ümumi cavablar vermək və CV-dəki məlumatları əsaslandıra bilməmək işə qəbul şansını azaldır. Məlumatları şişirtmək, ziddiyyətli danışmaq və bütün problemlərdə başqalarını günahlandırmaq isə etimadı zəiflədir.
Bəzən qərar namizəd haqqında yoxlanılmamış ehtimallar və stereotiplər əsasında verilir. Təcrübəli şəxs barədə "yüksək maaş istəyəcək", "bu vəzifədə qalmayacaq", uzun müddət işsiz olan biri barədə isə "yəqin bir problemi var" düşünülə bilər. Yaş və tez-tez iş dəyişmək də səbəbləri araşdırılmadan mənfi qiymətləndirilə bilir. Bəzi hallarda rəhbər özündən daha təcrübəli, sual verən və dəyişiklik təklif edən əməkdaşla işləməyə hazır olmur. Belə olduqda peşəkarlıqdan çox, namizədin nə qədər rahat idarə olunacağı ön plana keçir. Bunları hər imtinanın səbəbi saymaq olmaz, amma nəzərdən qaçırmaq da düzgün deyil.
İşə qəbul prosesindəki qeyri-müəyyənlik də nəticəyə təsir edir. Namizəd bir neçə müsahibədən keçir, sonda isə büdcənin təsdiqlənmədiyi, vakansiyanın dayandırıldığı və ya daxili əməkdaşla davam etmək qərarının verildiyi məlum olur. Konkret geribildirim verilmədikdə insan imtinanı öz çatışmazlığı kimi qəbul edir, amma əsl səbəbi bilmir".
Müəllif: Nuray Paşşanlı


