Bir çox vətəndaş avtomobil və mənzil almaq üçün bank kreditlərindən istifadə edir. Bu əmlakların kredit müddəti başa çatmamış zərər görməsi isə sığorta ödənişlərinin kimə və hansı qaydada veriləcəyi məlum olmur.
Belə hallarda bankın və müştərinin hüquqları necə müəyyənləşdirilir? Sığorta ödənişi hansı hallarda banka, hansı hallarda isə əmlak sahibinə verilir?
Sığorta eksperti Vüsal Bədəlov Demokrat.az-a açıqlamasında bildirib ki, bankda girov qoyulan əmlakın, eləcə də kreditlə alınan evin və ya avtomobilin sığortalanması zamanı sığorta müqaviləsində əsas yararlanan şəxslərin kim olduğu mütləq göstərilməlidir:

"Yəni burada həm əmlakın sığortalanması, həm də əmlak sahibinin hüquqları nəzərə alınmalıdır. Bu məsələlər, ümumiyyətlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 909.2, 927.3 və 927.5-ci maddələri ilə tənzimlənir. Avtomobil kreditlərində sığorta müqaviləsində iki əsas prinsip nəzərdə tutula bilər. Birincisi, əmlaka qismən zərər dəydikdə təmir xərclərinin qarşılanması, ikincisi isə avtomobil tam məhv olduqda kredit məbləğinin bağlanmasıdır. Buna görə də ilk növbədə sığorta müqaviləsinin şərtlərinə, sığorta olunanın və yararlanan şəxsin kim olduğuna diqqət yetirmək lazımdır. Bu halda ödəniş kredit verən təşkilata yönəldilə və ya qismən zərər dəydikdə təmir xərcləri qarşılana bilər".
Ekspert əlavə edib ki, əmlak tam məhv olduqda isə sığorta ödənişi müqavilənin şərtlərinə uyğun olaraq müəyyən edilir və yararlanan şəxsə ödənilir:
"Əgər kreditin müəyyən hissəsi artıq ödənilibsə və sığorta ödənişinin məbləği qalan kredit borcundan artıqdırsa, artıq qalan hissə kredit götürənə ödənilə bilər. Bu məsələlər sığorta müqaviləsinin şərtlərinə uyğun şəkildə tənzimlənir. Həyat sığortasında da oxşar yanaşma tətbiq olunur. Burada kredit götürənin əmək qabiliyyətini qismən və ya tam itirməsi, eləcə də vəfat etməsi ilə bağlı hallar nəzərdə tutula bilər. Əmək qabiliyyətinin qismən itirilməsi zamanı müqavilə şərtlərinə əsasən ödənişin müəyyən hissəsi, tam itirilməsi zamanı isə müvafiq sığorta təminatı ödənilə bilər. Bundan əlavə, həyat sığortası müqaviləsində kompensasiya məbləğləri də nəzərdə tutula bilər. Kredit götürən şəxs vəfat etdikdə müqavilənin şərtlərindən asılı olaraq sığorta ödənişi onun birinci dərəcəli yaxınlarına verilə və ya kredit borcu sığorta şirkəti tərəfindən bağlana bilər. Beləliklə, kreditin ödənilməsi ilə bağlı maddi yükün mərhumun yaxınlarının üzərinə düşməsinin qarşısı alına bilər.
Ümumiyyətlə, vətəndaşlara tövsiyəm odur ki, kredit götürərkən həm əmlak, həm də həyat sığortası müqavilələrinin şərtlərini diqqətlə öyrənsinlər. Sığorta hadisəsi baş verdikdə ödənişin kimə və hansı qaydada veriləcəyini əvvəlcədən dəqiqləşdirmək vacibdir. Bu proseslər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Əlavə olaraq qeyd edim ki, bu növ sığorta müqavilələri könüllü xarakter daşıdığından, sığortaçı ilə sığortalı arasında bağlanan müqavilənin digər şərtləri də ödəniş qaydasının müəyyənləşdirilməsinə təsir göstərə bilər".


