YapiKredi Müraciət Forması
Dünya Özəl

Şahzadə 21 yaşında 7 xarici dil bilir - Çin və ərəb dillərini də öyrənib

Şahzadə 21 yaşında 7 xarici dil bilir - Çin və ərəb dillərini də öyrənib

İspaniyanın gələcək kraliçası, Asturiya şahzadəsi Leonor təkcə hərbi hazırlığı ilə deyil, dil bilikləri ilə də diqqət çəkir. 21 yaşlı şahzadənin ispan dili ilə yanaşı, yeddi xarici dildə ünsiyyət qura bildiyi bildirilir. Onun bildiyi dillər arasında Çin və ərəb dilləri də var.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri yazıb.

Leonor son üç ildə hərbi təlim proqramı çərçivəsində quru, dəniz və hava qüvvələrində hazırlıq keçib. O, dənizdə altı aylıq təlimdə iştirak edib, hərbi təyyarəni müstəqil idarə edib və paraşütlə tullanıb. Hərbi təhsilini başa vurduqdan sonra isə Madriddə universitetə daxil olaraq siyasət elmləri və beynəlxalq münasibətlər üzrə təhsil almağa başlayıb.

Şahzadənin ana dili ispan dilidir. O, Uelsdəki UWC Atlantic College-də təhsil alarkən ingilis dilini də yüksək səviyyədə mənimsəyib. Bundan əlavə, İspaniyanın müxtəlif bölgələrində danışılan katalan, bask və qalisiy dillərini bilir. Fransız dili ilə yanaşı, mandarin Çin dili və ərəb dilində də ünsiyyət qura bilir.

Leonorun ərəb dili bacarığı hələ 14 yaşında olarkən diqqət çəkib. O, həmin vaxt Girona Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində ərəb dilində çıxış edib. Tələffüzü və aksenti müsbət qiymətləndirilib.

Nəşr qeyd edir ki, gələcəkdə İspaniya taxtına çıxacaq Leonor üçün xarici dilləri bilmək yalnız şəxsi bacarıq deyil, həm də diplomatik fəaliyyətinin vacib hissəsidir. Onun atası, kral VI Felipe də ispan dili ilə yanaşı, ingilis və fransız dillərini yaxşı bilir.

Avropanın digər kral ailələrinin gənc nümayəndələri də dil biliklərinə xüsusi diqqət yetirirlər. Niderlandın gələcək kraliçası Amaliya ispan və ingilis dillərini bilir, Danimarka kraliçası Meri isə ana dili ingilis dili olmasına baxmayaraq, sonradan öyrəndiyi danimarka dilində sərbəst danışır. Belçikanın gələcək kraliçası Elizabet də niderland, fransız, alman və ingilis dillərini bilir.

Beləliklə, xarici dilləri mənimsəmək Avropa monarxiyalarının gələcək nümayəndələri üçün beynəlxalq əlaqələrdə və diplomatik görüşlərdə mühüm üstünlük hesab olunur.

Jalə