Salyanda Əməkdar mədəniyyət işçisi Aşıq Pənah Pənahovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Aşıq Pənah Pənahovun 100 illik yubleyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Yubiley tədbiri çərçivəsində öncə ustad sənətkarın qəbirüstü abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Salyan Dövlət Kukla Teatrının foyesində sənətkarın şəxsi əşyalarından ibarət sərgi təşkil edilib, nümayiş olunan eksponatlar iştirakçılara ustad aşığın həyatına və sənət fəaliyyətinə nəzər salmaq imkanı verib. Yubley tədbiri ustad sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayiş ilə başlanıb.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan xalqının zəngin mədəni irsindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında aşıq sənətinin əhəmiyyətindən danışıb. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan aşıq sənətinin inkişafında mühüm xidmətləri olan sənətkarların həyat və yaradıcılığının öyrənilməsi, onların zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Əməkdar mədəniyyət işçisi Aşıq Pənah Pənahovun 100 illik yubileyinin qeyd olunması onun sənətinə və milli mədəniyyətimizə verdiyi töhfələrə ehtiramın ifadəsidir.
AAB-nin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı XX əsr aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Pənahın təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını bildirib. Əməkdar Mədəniyyət İşçisi kimi fəxri ada layiq görülmüş aşığın bir çox əsərlərinin indi də ədəbiyyatımızın və musiqi tariximizin qızıl fondunu bəzədiyini bildirib.
Təntənəli tədbirdə sənətkarın ömür yoluna və yaradıcılığına ehtiram ifadə olunub, onun Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələr minnətdarlıqla xatırlanıb. Bədii-musiqili hissədə "Cəngi" milli nəfəs alətləri kollektivi, Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Əməkdar artist Zakir Əliyev, eləcə də Əli Tapdıqoğlu, Rövşən Əziz, Məhərrət Habiloğlu, Elxan Astaralı, Qəlbinur İbrahimli və başqaları ustad aşığın şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər.


