Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyatla bağlı xəbərdarlıqları dünya bazarlarında baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini yenidən gündəmə gətirib. Ərzaq və enerji qiymətlərinin artması, inflyasiya təzyiqlərinin güclənməsi və neft gəlirlərində mümkün azalma ölkənin iqtisadi göstəricilərinə, eləcə də əhalinin alıcılıq qabiliyyətinə təsir göstərə bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, dünya iqtisadiyyatı hazırda geosiyasi gərginliklər, enerji təchizatında fasilələr, inflyasiya təzyiqləri və dövlət borclarının artması kimi bir-biri ilə əlaqəli problemlərlə üzləşir.

Onun sözlərinə görə, BVF-nin 2026-cı ilin oktyabrında açıqladığı proqnoza əsasən, qlobal iqtisadi artım 2026-cı ildə 3,1 faiz, 2027-ci ildə isə 3,4 faiz səviyyəsində gözlənilir:
"Eyni zamanda, dünya üzrə ümumi inflyasiyanın 2026-cı ildə 4,7 faizə yüksələcəyi, 2027-ci ildə isə 4,1 faizə enəcəyi proqnozlaşdırılır. Bu rəqəmlər göstərir ki, qlobal iqtisadiyyat inkişafını davam etdirsə də, risklər kifayət qədər yüksəkdir. Azərbaycan üçün məsələ daha həssasdır. Çünki iqtisadiyyatımızın ixrac gəlirlərində neft və qazın mühüm payı var, digər tərəfdən isə ərzaq və bir sıra istehlak məhsulları üzrə idxaldan asılılığımız mövcuddur. Beləliklə, Azərbaycan eyni zamanda iki istiqamətdən təsirlənə bilər, dünya bazarında neft qiymətlərinin dəyişməsi dövlətin və ölkənin valyuta gəlirlərinə, ərzaq və enerji qiymətlərinin yüksəlməsi isə daxili bazarda qiymətlərə təsir göstərə bilər.
Burada sual yaranır ki, bəs neftin qiymətinin artması Azərbaycanın gəlirlərini artırırsa, enerji böhranı niyə ölkəmiz üçün risk hesab olunur? Bunun üçün enerji ixracatçısı və idxalçısı olan ölkələrin maraqlarını fərqləndirmək lazımdır. Hasilat və ixrac həcmləri sabit qaldığı halda, neftin bahalaşması Azərbaycanın gəlirlərini artıra, dövlət büdcəsi və Dövlət Neft Fondu üçün əlavə maliyyə imkanları yarada bilər.
Lakin neftin bahalaşması çox vaxt geosiyasi münaqişələr, nəqliyyat marşrutlarında problemlər və təchizat zəncirlərinin pozulması ilə müşayiət olunur. Bu zaman yanacaq, gübrə, daşınma və ərzaq istehsalı xərcləri də arta bilər. Nəticədə ixracdan əldə etdiyimiz əlavə gəlirin bir hissəsi idxalın bahalaşmasına sərf olunur. Deməli, dünya bazarında yüksək neft qiyməti avtomatik olaraq iqtisadi artımın sürətlənməsi demək deyil. Hasilat azalırsa, qiymət artımından əldə edilən əlavə gəlir məhdudlaşa bilər. Azərbaycan üçün əsas vəzifə təkcə neftin yüksək qiymətindən faydalanmaq deyil, hasilatın dayanıqlığını və qeyri-neft sektorunun inkişafını təmin etməkdir. Bəs dünya bazarında ərzaq qiymətlərinin artması Azərbaycanda əhalinin gündəlik xərclərinə necə təsir edə bilər? Bu, ən ciddi sosial-iqtisadi risklərdən biridir.
Ərzaq qiymətlərindəki artım birbaşa ailələrin gündəlik büdcəsinə təsir göstərir. Buğda, bitki yağı, şəkər, süd məhsulları və digər ərzaq məhsullarının idxal qiymətləri yüksəldikdə, daxili bazarda da qiymət artımı təzyiqi yarana bilər. BVF-nin Azərbaycan üzrə hesabatında qeyd olunur ki, 2025-ci ilin oktyabrında ərzaq inflyasiyası illik ifadədə 8,2 faizə yüksəlmişdi. 2026-cı ilin yanvarında isə ümumi istehlak qiymətləri inflyasiyası 5,7 faiz təşkil etmişdi. Fond 2026-cı ilin sonuna ümumi inflyasiyanın 6 faizə çatacağını proqnozlaşdırır. Bu rəqəmlər xüsusilə ona görə əhəmiyyətlidir ki, inflyasiya bütün əhali qruplarına eyni dərəcədə təsir göstərmir. Gəlirinin böyük hissəsini ərzağa, kommunal xidmətlərə və nəqliyyata xərcləyən aşağı və orta gəlirli ailələr qiymət artımını daha kəskin hiss edirlər. Məsələn, bir ailənin aylıq xərci 800 manatdırsa və bunun 400 manatı ərzağa sərf olunursa, ərzaq xərclərinin 10 faiz artması ailənin büdcəsinə ayda əlavə 40 manat yük gətirir. Əgər bu müddətdə maaş və pensiyalar artmırsa, ailənin real alıcılıq qabiliyyəti zəifləyir.
Ona görə də inflyasiyaya yalnız makroiqtisadi göstərici kimi yanaşmaq olmaz. Bu, eyni zamanda əhalinin həyat səviyyəsinə, yoxsulluq riskinə və sosial bərabərliyə təsir edən mühüm amildir. Azərbaycan hökuməti bu riskləri azaltmaq üçün tədbirlər görür.
İlk olaraq Azərbaycanda su təsərrüfatı ilə bağlı son mühüm qərarlardan biri "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı"dır. Prezident İlham Əliyev proqramı 12 yanvar 2026-cı ildə təsdiq etmişdir. Kənd təsərrüfatının inkişafı suvarmadan asılıdır.
Bu baxımdan qəbul edilmiş yeni proqram su təchizatını şəbəkələrinin yenilənməsi və fasiləsiz su təminatının yaxşılaşdırılmasına xidmət edəcəkdir. İkincisi 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafı Dövlət Proqramı da qəbul edilmişdir. Bütün bu proqramlar ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə və qeyri neft sektorunun inkişafına töhfə verəcəkdir".


