Sosial

Bu şəxslər ikiqat maaş alacaq

Bu şəxslər ikiqat maaş alacaq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərin normadan kənar iş rejimlərində çalışması və ya müəyyən xüsusi hallarda əmək müqaviləsinə xitam verilməsi zamanı ödənişlər artırılmış tariflərlə həyata keçirilir.

Demokrat.az xəbər verir ki, "Yeni Sabah"ın araşdırmasına görə, Əmək qanunvericiliyi işçilərə ən azı ikiqat məbləğdə haqq və ya kompensasiya ödənilməsini təsbit edən konkret məqamları müəyyən edir.

İstirahət, səsvermə və bayram günlərində iş

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, işçinin istirahət günlərində, səsvermə günündə və ya iş günü hesab olunmayan rəsmi bayram günlərində işə cəlb edilməsi zamanı ödəniş ikiqat tariflə hesablanır. Aylıq vəzifə maaşı alan işçilər üçün iş aylıq normadan artıq müddətdə görülübsə, gündəlik və ya saatlıq maaşın ikiqat məbləği ödənilir. Görülən işə görə ödəniş alan işçilər üçün isə ödəniş ikiqat işəmuzd qiymətləri ilə hesablanır.

İş vaxtından artıq işlədikdə

Əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq, gündəlik müəyyən olunmuş iş vaxtı normasından artıq işlənilən hər bir saat üçün əməkhaqqı yüksək məbləğdə ödənilir. Saatlıq tarif maaşı olan işçilər üçün iş vaxtından artıq işlənilən hər saat üçün saatlıq tarif maaşının ikiqat məbləğindən az olmamaqla ödəniş edilir. İşəmuzd ödəniş sistemində çalışanlar üçün isə müəyyən olunmuş qiymətlərə ikiqat əlavə olunur.

Xəbərdarlıq müddətinə riayət edilmədikdə

Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, müəssisə ləğv edildikdə və ya ştatlar ixtisar olunduqda işəgötürən işçiyə işdən çıxarılma barədə əvvəlcədən rəsmi xəbərdarlıq etməlidir. Tərəflərin razılığı ilə bu xəbərdarlıq müddəti ləğv edildikdə, işçiyə həmin müddət əvəzinə ən azı ikiqat orta aylıq əməkhaqqı mütənasib şəkildə birdəfəlik ödəniş formasında verilir.

Əmək müqaviləsinə xüsusi əsaslarla xitam verildikdə

Əmək Məcəlləsinin 77-ci maddəsinin müvafiq hissələrinə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda, əvvəllər tutduğu işə bərpa edildikdə, səhhətinə görə öz işini görə bilmədikdə və ya iş şəraitinin şərtləri dəyişdirildiyinə görə işi davam etdirməkdən imtina etdikdə əmək müqaviləsinə xitam verilir. Bu zaman işçiyə orta aylıq əməkhaqqının ən azı ikiqatı miqdarında müavinət ödənilir.

Müəssisə sahibinin dəyişməsi zamanı

Əmək Məcəlləsinin 63-cü və 77-ci maddələrinə uyğun olaraq, müəssisənin mülkiyyətçisi dəyişdikdə və yeni mülkiyyətçi tərəfindən idarəetmə heyəti ilə əmək müqaviləsinə xitam verildikdə, həmin işçilərə orta aylıq əməkhaqqının azı ikiqatı miqdarında xitam müavinəti ödənilməlidir.

Qanunvericilikdə göstərilən bu normativlər minimum təminat hesab olunur. İşəgötürən daxili intizam qaydalarında və ya fərdi əmək müqaviləsində nəzərdə tutmaqla bu hallara görə ikiqatdan daha yüksək məbləğdə də ödəniş müəyyən edə bilər.