Özəl Avto

Sığorta şirkəti zərəri az hesablayıbsa, nə etməli?

Sığorta şirkəti zərəri az hesablayıbsa, nə etməli?

Avtomobil qəzasından sonra sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də dəyən zərərin sığorta şirkəti tərəfindən necə hesablanmasıdır. Bəzən sığorta şirkətinin müəyyən etdiyi məbləğ avtomobil sahibinin gözləntilərindən və ya təmir xərclərindən fərqlənir.

Avtomobilin real bazar qiyməti necə müəyyən edilir və bu, sığorta ödənişinə necə təsir göstərir?

Sığorta eksperti Vüsal Bədəlov Demokrat.az-a deyib ki, avtomobil qəzası zamanı sığorta məsələləri əsasən iki istiqamətdə tənzimlənir: icbari sığorta və KASKO sığortası:

Sığorta şirkəti zərəri az hesablayıbsa, nə etməli?

"Sürücülərin ən çox qarşılaşdığı məsələlərdən biri icbari sığorta üzrə dəymiş zərərin ödənilməsi ilə bağlıdır. İlk növbədə qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bu zaman təmirə yararlı detallar təmir olunur, təmirə yararlı olmayan detallar isə dəyişdirilir. Avtomobilin istehsal ili nəzərə alınmaqla, onun təmirində ikinci əl ehtiyat hissələrindən də istifadə oluna bilər. Yəni sığorta şirkətinin avtomobili mütləq yeni ehtiyat hissələri ilə təmin etməsi ilə bağlı ümumi məcburiyyət yoxdur".

Ekspert əlavə edib ki, sığortalı dəymiş zərərə görə hesablanmış məbləğlə razılaşmadıqda, yenidən sığorta şirkətinə müraciət edərək qüsur aktının tərtib olunmasını tələb edə bilər:

"Sığorta şirkəti bu tələbi də təmin etmədikdə, sığortalı müstəqil ekspertiza tələb edə bilər. Bu halda Mərkəzi Bankın siyahısından müstəqil ekspert seçərək avtomobilə dəymiş zərəri yenidən qiymətləndirmək mümkündür. Qiymətləndirmənin nəticəsindən asılı olaraq, dəymiş zərərin məbləğinin yenidən nəzərdən keçirilməsi və ödənilməsi məsələsi qaldırıla bilər. Sürücülərə tövsiyəm odur ki, avtomobilə dəymiş zərərin məbləği sığorta şirkəti tərəfindən tam rəsmiləşdirilməmişdən əvvəl nəqliyyat vasitəsini təmir etdirməsinlər və hər hansı detalı dəyişdirməsinlər. Beləliklə, hesablanmış zərər məbləği onları qane etmədikdə, müvafiq prosedurları ardıcıllıqla həyata keçirə bilərlər".

FH
Fidan Hacızadə
Müxbir