Şəmkir rayonunda iki nəfərin mübahisəsi cinayət işi ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1992-ci il təvəllüdlü Muxtar həmkəndlisi Əli (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Muxtar keçmiş arvadı Şəlalə ilə Əlinin qardaşı İsmayıl arasında bir il əvvəl yaşanmış intim münasibətə görə ailələri arasında münasibətlərin pozulması və kənddəki çayxanada onun ünvanına nalayiq söyüşlər söyülməsi səbəbindən məsələyə aydınlıq gətirmək istəyib.
Bu məqsədlə Muxtar həmin gün saat 22 radələrində yaşadığı kənddə yerləşən uşaq bağçasının yanında Əli ilə görüşüb. Sözlü mübahisə zamanı qarşılıqlı olaraq bir-birlərinin ünvanına nalayiq sözlər işlədiblər və bir-birlərinə zərbələr endiriblər. Muxtar qisas almaq niyyəti ilə Əlinin bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri endirərək ona xəsarətlər yetirib.
Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmayıb:
"Psixi cəhətdən özümü sağlam hesab edirəm. Şəmkir rayonunun kəndində anam və iki övladımla birlikdə yaşayıram. Rəsmi iş yerim yoxdur, maldarlıqla və əkinçiliklə məşğul olaraq dolanıram. Şəlalə ilə 2020-ci ildə evlənmişəm və 2024-cü ildə ayrılmışıq. Birgə nikahdan anadan olan iki övladımız isə bizimlə birlikdə yaşayıb. Boşanmağımızın səbəbi Şəlalənin mənə qonşuluqda yaşayan İsmayıl ilə xəyanət etməsi olub. Əvvəllər İsmayılla münasibətlərim yaxşı olub".
Təqsirləndirilən şəxs deyib ki, 2024-cü ilin sentyabr ayında İsmayılın arvadı Şəlalə ilə ona xəyanət etdiyini öyrənib. Həmçinin arvadının İsmayılla arasındakı yazışmanı ona göstəriblər:
"Həmin yazışmanın məzmunundan İsmayılın Şəlalə ilə cinsi əlaqədə olduğu, hətta onu zorladığı başa düşülüb. İsmayılla Şəlalə arasındakı münasibəti öyrəndikdən sonra aramızda dava-dalaş baş verdi və bu barədə Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparıldı. İsmayılın qardaşı Əli ilə də əvvəllər münasibətim yaxşı olub. Lakin onun qardaşının ailəmi dağıtmasına görə aramızda baş verən dava-dalaşdan sonra Əli mənimlə düşmənçilik etməyə başladı. Kənddə eşitdim ki, Əli qardaşını döyməyimə görə hər yerdə ünvanıma söyüşlər söyüb. Əvvəllər düşmənçiliyi dərinləşdirməmək üçün buna reaksiya verməmişəm. Dəfələrlə kənddə qarşılaşmışıq, lakin aramızda mübahisə və dava-dalaş olmayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən əvvəlki günlərin birində qonşusu, eyni zamanda dostu Vüqar Elçinin kənddə yerləşən çayxanasının həyətində olarkən Əli onun ünvanına nalayiq söyüşlər söyüb, eyni zamanda stəkanı götürərək onun qanını içəcəyini deyib: "Əli həmin vaxt sərxoş olub. Vüqar mənim dostum olduğuna görə mənə söyüş söydüyü üçün onunla mübahisə edib. Lakin orada dava-dalaş olmayıb. Bundan sonra Vüqar hətta Əlinin atasının yanına gedərək oğlunun hərəkətləri barədə gileylənib. Mən bu hadisə barədə sonradan, 1-2 gün sonra çayxanada olan dostlarımdan eşitdim".
Muxtarın sözlərinə görə, daha sonra yaşadığı kənddə Elçinin çayxanasının qarşısında dayanıb: "Həmin vaxt mənə zəng gəldi. Səs-küydən uzaqlaşmaq üçün telefonla danışa-danışa çayxanadan təxminən 100 metr kənara, kənddəki uşaq bağçasına tərəf getdim. Telefonla danışan zaman Əlinin piyada gəldiyini gördüm. Danışığı sonlandıraraq ona yaxınlaşdım və salam verdim. Bundan sonra ondan ünvanıma niyə söyüş söydüyünü soruşdum. O, özünü haqlı hesab etdiyini dedi və alnıma yumruqla vurdu. Əslində, niyyətim Əli ilə dalaşmaq olmayıb. Ondan ünvanıma söyüş söyməsinin səbəbini soruşmuşam və münasibətimizi tamamilə kəsməsini, nə mənim Əli barəsində, nə də Əlinin mənim barəmdə danışmamasını tapşırmaq istəmişəm. Əli yumruqla sifətimdən vuranda mən də onu vurdum. Aramızda dava-dalaş başladı. Əli mənə yumruq atdı. Mən də ona yumruq və təpiklə zərbələr endirdim. Əvvəlcə mən, sonra isə Əli yerə yıxıldı. Mən ondan tez ayağa qalxdım, ona bir-iki dəfə də təpik ataraq getdim. Sonra çayxananın qarşısına gələrək özümə məxsus "VAZ-21015" markalı avtomobilə mindim və evimə getdim. Sonradan Əlinin barəmdə şikayət etdiyini öyrəndim. Mən də onun məni döyməsinə görə şikayət etdim. Çünki dava-dalaşı o başlatdı və həmin vaxt hər ikimiz bir-birimizə zərbələr endirdik".
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Muxtarın barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.
Bu cinayət işində zərərçəkmiş qismində tanınan Əlinin Muxtara xəsarət yetirməsi ilə bağlı cinayət işi ayrıca icraatda araşdırılıb. 1992-ci il təvəllüdlü Əli qarşılıqlı dava zamanı Muxtara xəsarət yetirməkdə ittiham olunub.
Ayrıca icraatda araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan Əli ona elan olunmuş Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilməyib. İzahatında göstərib ki, məlum hadisə axşam saat 22:00 radələrində yolun kənarında, çayxanadan təxminən 70 metr aralıda baş verib:
"Mən evə qayıdarkən anam çörək almağın lazım olduğunu dedi. Çörək aldıqdan sonra çayxanada 10-15 dəqiqə oturdum. Sonra evə qayıdarkən ağaclığın yanında Muxtar qəflətən üstümə hücum etdi və "Əli, sən mənim arvadımı söymüsən" deyərək başıma armaturla zərbə vurdu. Baş nahiyəmə zərbələr endirdi. Mən Muxtarı vurmamışam. Həmin vaxt axşam olduğu üçün ətraf qaranlıq idi və mən heç kimi aydın görməmişəm. Lakin sonradan yanımızdan bir avtomobil keçdi. Avtomobilin işığında həmin üç nəfəri görmüşəm. Onlar avtomobili gördükdən sonra hadisə yerindən qaçdılar".
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Əli 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun barəsində amnistiya aktı tətbiq edilib və cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


